Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir
Bakı, 27 oktyabr, AZƏRTAC
SOCAR Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, mərkəzin açılışı SOCAR üçün mühüm hadisədir: “Biz bu mərkəzə sadəcə yeni bina və ya məkan kimi baxmırıq. Texnologiyalar inkişaf etdirilə və ya uyğunlaşdırıla bilər, lakin bütün proseslərin mərkəzində insan dayanır. Dəyişiklikləri həyata keçirən, onlara uyğunlaşan, hətta bu dəyişiklikləri qabaqlayaraq yeni trendləri müəyyənləşdirən məhz insanlardır.
SOCAR üçün bu proses hər zaman asan olmayıb. Çünki fəaliyyət göstərdiyimiz sənaye sahəsi daim dəyişikliklərin təsirinə məruz qalır. Bu gün isə dəyişikliklər daha da sürətlənir, yeni biznes modellərinin və tərəfdaşlıq formatlarının tətbiqini zəruri edir. Milli enerji şirkəti olaraq məsuliyyətimiz həmişə təşkilati çərçivələrimizdən kənara çıxıb. Bu baxımdan, Azərbaycanın təhsil proqramının təxminən iki il əvvəl ilk dəfə qardaş Özbəkistandakı universitetlərdən birinə ixrac edilməsini xüsusi qeyd etmək istərdim. Elm və Təhsil Nazirliyinin də dəstəklədiyi bu təşəbbüs yerli təhsil proqramımızın xaricə ilk ixracı idi. Biz ölkənin ümumi inkişaf prosesinin bir hissəsiyik və üzərimizə düşən məsuliyyəti tam dərk edirik. Məhz buna görə ADA Universiteti və digər tərəfdaşlarla əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır".
O qeyd edib ki, hər bir tərəfdaş ümumi işə öz baxışını, təcrübəsini və gözləntilərini gətirir: “Nəticədə ayrı-ayrı qurumların müstəqil şəkildə əldə edə biləcəyindən daha böyük dəyər yaradılır. Hesab edirəm ki, bugünkü Rəhbər Komitənin görüşü də fikir və təcrübə mübadiləsinin, eləcə də Azərbaycan üçün daha böyük fayda yaratmaq məqsədilə birgə fəaliyyətin əhəmiyyətini nümayiş etdirdi”.
Ziba Mustafayeva qeyd edib ki, SOCAR mərkəzin fəaliyyətinin ilkin mərhələsində üç əsas istiqamət üzrə işlərə başlamağı planlaşdırır: "İlk istiqamət ADA Universitetinin flaqman təşəbbüslərindən olan Qabaqcıl İdarəetmə Proqramıdır. Proqram yalnız SOCAR-ın rəhbər heyəti üçün deyil, dövlət sektorunun rəhbər şəxsləri üçün də nəzərdə tutulur. Müasir liderlik və idarəetmə tələblərini əhatə edən proqramın hibrid təhsil modeli əsasında həyata keçirilməsi planlaşdırılır.
İkinci istiqamət süni intellekt dəstəkli təhsil liderliyi və transformasiyası proqramıdır. SOCAR-ın strukturunda təhsil müəssisələrinin də fəaliyyət göstərdiyini vurğulayan vitse-prezident rəqəmsal bacarıqların inkişafının və süni intellektin təhsildə tətbiqinin əhəmiyyətini qeyd edib. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil menecerləri üçün gələcəyin tələblərinə uyğun akademik çərçivələrin formalaşdırılmasını və süni intellektin məsuliyyətli idarə edilməsini nəzərdə tutan proqram hazırlanacaq.
Üçüncü istiqamət isə biznes nümunələrinin hazırlanmasıdır. Bu çərçivədə Azərbaycanın yerli və beynəlxalq miqyasda əldə etdiyi uğurları, eləcə də qabaqcıl təcrübələrini əks etdirən biznes nümunələrinin yaradılmasına xüsusi diqqət yetiriləcək”.
O vurğulayıb ki, müəyyənləşdirilən prioritetlər resurslardan və vaxtdan səmərəli istifadə etməklə mərkəzin fəaliyyətinin məqsədyönlü şəkildə təşkilinə və ölkədə idarəetmə, təhsil və rəqəmsal transformasiya sahələrinin inkişafına töhfə verməyə xidmət edəcək.
Foto - Xanlar Əlizadə