Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27- də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və "Khalili" Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə BMT-nin Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, təşkilatın İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, "Khalili" Fondunun icraçı direktoru Vaqas Ahmed və başqa rəsmilər iştirak ediblər.
Çıxışlarda " Khalili" Fondu tərəfindən nəşr olunan “Sülh quruculuğu sənəti: parçalanmış dünya üçün universal dil” adlı kitabın əhəmiyyətindən, onun dünyada sülh quruculuğu prosesinə və mədəni diplomatiyaya verdiyi töhfədən bəhs edilib.
Qeyd edək ki, tədbirdə Azərbaycanın baxışı da daxil olmaqla, nəşrdə yer alan əsas töhfələr diqqətə çatdırılıb, həmçinin sülh quruculuğunda incəsənətin və mədəni diplomatiyanın roluna daha geniş marağın təşviq edilməsinə diqqət yetirilib.
Tədbirin sonunda nəşrin nüsxələri imzalanıb və iştirakçılara paylanılıb.