UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib
Bakı, 27 oktyabr, AZƏRTAC
UNESCO-nun “Youth for Peace: UNESCO Intercultural Leadership” proqramına dünyanın müxtəlif ölkələrindən 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik” mövzusunda plenar sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan üçün mədəniyyətlərarası dialoq mühüm milli dəyər və strateji prioritetdir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan Bakı Prosesi qarşılıqlı anlaşmanın, mədəni müxtəlifliyin və sivilizasiyalararası əməkdaşlığın təşviqinə xidmət edir”.
Fərhad Hacıyev gənclərin liderlik potensialının inkişafı üçün təcrübə, mentorluq və fərqli düşüncəli insanlarla əməkdaşlıq imkanlarının vacibliyini vurğulayıb: “Azərbaycanda 300-dən çox gənclər qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Hər il təxminən 2 milyon şagird təhsil alır, 200 min tələbə isə ali təhsil müəssisələrində oxuyur. Gənclər ölkənin gələcək liderlik potensialını və insan kapitalını təşkil edir”.