İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir
Stokholm, 27 oktyabr, AZƏRTAC
İsveçin ən böyük qəzetlərindən biri olan “Svenska Dagbladet” sosiologiya üzrə professorun daha əvvəl dərc edilmiş məqaləsini süni intellektdən həddindən artıq istifadə edildiyinə dair şübhələrə görə sildikdən sonra jurnalistikada bu texnologiyadan istifadənin nə dərəcədə məqbul olması ilə bağlı ölkədə geniş müzakirələr başlayıb.
AZƏRTAC xəbər verir ki, qəzetin redaksiyası materialın əhəmiyyətli hissəsinin süni intellektin köməyi ilə yazılmış ola biləcəyi qənaətinə gəlib. Professor ittihamları rədd etsə də, qəzet rəhbərliyi jurnalist materiallarının insanlar tərəfindən hazırlanmalı olduğunu bəyan edib.
Bu hadisə süni intellektdən yardımçı vasitə kimi istifadənin hansı həddə qədər məqbul sayılması məsələsini yenidən gündəmə gətirib.
İsveçin aparıcı qəzetləri yeni texnologiyalardan istifadə məsələsinə fərqli yanaşır.
Məsələn, “Göteborgs-Posten” ifadələrin daha dəqiq və uğurlu seçilməsi, eləcə də mətnlərin redaktəsi üçün süni intellektdən istifadəyə icazə verir. Lakin materialın yaradıcı dəyəri artdıqca, bu texnologiyadan istifadənin məqsədəuyğunluğu azalır. Redaksiya etiraf edir ki, bəzi hallarda müəlliflərin yazılarını dərc etməkdən imtina edir, yaxud onlara süni intellektin iştirakını azaltmaqla materialları yenidən işləməyi tapşırır.
“Sydsvenskan” qəzetində də mətnlərin insanlar tərəfindən yazılmalı olduğu qənaətindədirlər. Bununla yanaşı, redaksiya hesab edir ki, süni intellekt ictimai müzakirələrdə daha çox insanın iştirakına şərait yarada, onların fikirlərini savadlı və aydın şəkildə ifadə etmələrinə kömək edə bilər.
“Dagens Nyheter” süni intellekt vasitəsilə yaradılmış məqalələri dərc etmir, lakin materialların hazırlanmasının ayrı-ayrı mərhələlərində bu texnologiyadan istifadəyə icazə verir. “Expressen” qəzetində də oxşar qaydalar tətbiq olunur. Burada süni intellektdən mətnlərin dil baxımından yoxlanılması və məlumatların toplanması üçün istifadə etmək olar. Bununla belə, məzmunun düzgünlüyünə və faktların etibarlılığına görə bütün məsuliyyət müəllifin üzərinə düşür.
Süni intellektin köməyi ilə yazılmış mətnlərin müəyyənləşdirilməsi də problem olaraq qalır. Bəzi redaksiyalar bunun üçün xüsusi proqramlardan istifadə edir. Lakin həmin proqramlar da materialı səhvən süni intellekt tərəfindən yazılmış mətn kimi müəyyən edə bilər.
İsveç mediasının nümayəndələrinin fikrincə, yekun qərarı redaktorlar verməlidir. Süni intellektdən istifadə qaydaları isə texnologiyalar inkişafı və oxucuların bu texnologiyaya münasibəti fonunda yenilənəcək.