Naxçıvanda tikinti-quraşdırma işlərinə investisiya qoyuluşu 42 faizə yaxın artıb
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələri hesabına əsas kapitala 238 milyon 196 min manat investisiya yönəldilib və bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, investisiya qoyuluşunun 198 milyon 484 min manatı və ya 83,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.
Cari ilin 9 ayında əsas kapitala investisiya qoyuluşunun 100 milyon 758 min manatı və ya 42,3 faizi dövlət sektorunun, 137 milyon 438 min manatı və ya 57,7 faizi isə qeyri-dövlət sektorunun payına düşür. İnvestisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunda 30,9 faiz, qeyri-dövlət sektorunda isə 42,7 faiz artıb. Cəlb edilən investisiyanın 116 milyon 367 min manatı və ya 48,9 faizi məhsul istehsalı sahələrinə, 27 milyon 152 min manatı və ya 11,4 faizi xidmət sahələrinə, 94 milyon 676 min manatı və ya 39,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Müxbir- Nail Əsgərov