Fateh Mansouri: Mədəniyyətlərarası dialoq ədalət və bərabər iştirak prinsipləri ilə tamamlanmalıdır
Bakı, 27 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda keçirilən Akademik Forumda mədəniyyətlərarası dialoqun sosial ədalət, bərabərlik və sülhün möhkəmləndirilməsində rolu vurğulanıb.
AZƏRTAC xəbər verir ki, Deakin Universitetinin Mədəni Müxtəliflik və Sosial Ədalət üzrə UNESCO kafedrasının rəhbəri professor Fateh Mansouri çıxışında müasir dünyada siyasi parçalanmaların, zorakı münaqişələrin və sosial bərabərsizliklərin dinc birgəyaşayışa təsirlərindən danışıb.
Professor bildirib ki, geosiyasi rəqabət və universal prinsiplərin seçmə qaydada tətbiqi beynəlxalq əməkdaşlığa olan etimadı zəiflədir. Onun sözlərinə görə, bu problemlər cəmiyyətlər daxilindəki münasibətlərə də təsir göstərir. Miqrasiya, din və kimliklə bağlı ictimai müzakirələr insanların digər mədəniyyətləri və cəmiyyətləri necə qəbul etməsində mühüm rol oynayır.
F.Mansouri qeyd edib ki, mədəni fərqlilikləri münaqişələrin əsas səbəbi kimi qiymətləndirmək düzgün deyil. Problemlərin mahiyyətini anlamaq üçün hakimiyyət münasibətlərinə, müxtəlif qrupların təcrübələrinin tanınmasına, eləcə də imkanların, resursların və müdafiə mexanizmlərinin cəmiyyətdə necə bölüşdürülməsinə diqqət yetirilməlidir.
O vurğulayıb ki, mədəni kimliyin tanınması vacib olsa da, bu, özlüyündə kifayət etmir. Tanınma sosial ədalət və resursların daha ədalətli bölgüsü ilə tamamlanmalıdır. Professorun fikrincə, mədəniyyətlərarası dialoq yalnız görüşlər, müzakirələr və fikir mübadiləsi ilə məhdudlaşmamalı, cəmiyyətləri ayıran məsələlərin tənqidi təhlilinə də imkan yaratmalıdır.
Çıxışda bərabər hüquqların və insanların ictimai proseslərdə mənalı iştirakının əhəmiyyəti də diqqətə çatdırılıb. Bildirilib ki, dialoq insanların qərəzlərlə mübarizə aparmasına, mübahisəli tarixi məsələləri daha dərindən anlamasına və fərqliliklər şəraitində əməkdaşlıq qurmasına kömək edə bilər. Bununla belə, dialoqun dəyişdirici potensialı onun institusional təcrübələrdə və ictimai qərarların qəbulunda real dəyişikliklərə səbəb olması ilə bağlıdır.
Professor sosial həmrəyliyin insanların cəmiyyətə mənsubluq hissinə, hüquqlarının qorunacağına və institutların onlara ədalətli yanaşacağına inamına əsaslandığını bildirib. Onun sözlərinə görə, sosial həmrəylik ayrı-seçkiliyə və ədalətsizliyə etiraz etmək hüququnu da əhatə etməlidir. Kənarda qalan və həssas qrupların susmağa çağırılması isə cəmiyyətdə qarşılıqlı etimadın zəifləməsinə gətirib çıxara bilər.
F.Mansouri görülən işlərin nəticələrinin insanların həyatına təsiri baxımından qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O, akademikləri, sosial alimləri, siyasətçiləri, media nümayəndələrini və digər mütəxəssisləri fəaliyyətlərinin insanların həyatında müsbət dəyişikliklər yaradıb-yaratmadığı barədə düşünməyə çağırıb. Qeyd edib ki, Akademik Forum və rəhbərlik etdiyi UNESCO şəbəkəsi 2026-cı ildəki görüşdən sonra da əməkdaşlıq əlaqələrinin qorunmasına töhfə verə bilər. Dialoqun ədalət və praktiki fəaliyyətlə əlaqələndirilməsi cəmiyyətlər daxilində sosial həmrəyliyin güclənməsinə, eləcə də cəmiyyətlər arasında daha etibarlı əməkdaşlığın və sülhün təşviqinə xidmət edə bilər.