Leyla Musayeva: Turizmin inkişafı Xınalığın mədəni irsinin qorunmasına töhfə verir
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın unikal yaşayış məskənlərindən biri olan Xınalıq kəndinin mədəni irsinin qorunması və dayanıqlı inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. 2007-ci ildə Prezidentin müvafiq Sərəncamı ilə dövlət qoruğu elan edilən Xınalıq 2023-cü ildə daha bir tarixi uğura imza atıb. Dövlət Turizm Agentliyinin səyləri və aparılan genişmiqyaslı tədqiqatlar nəticəsində “Xınalıq və Köç yolu” mədəni landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün qurulmasına necə töhfə verir?” adlı panel sessiyada Dövlət Turizm Agentliyinin Mədəni İrs Departamentinin Mədəni İrsin İnkişafı şöbəsinin müdiri Leyla Musayeva səsləndirib.
O bildirib ki, Xınalığın mədəni irsi yalnız kəndin ərazisi ilə məhdudlaşmır. Bu irs Azərbaycanın müxtəlif bölgələrini birləşdirən, mövsümi yay və qış otlaqlarını əhatə edən geniş mədəni landşaftın tərkib hissəsidir. 2021–2024-cü illərdə kənddə həyata keçirilən bərpa və konservasiya işləri tarixi memarlıq irsinin, ənənəvi yaşayış mühitinin və yerli mədəniyyətin qorunmasına mühüm töhfə verib.
L.Musayeva vurğulayıb ki, turizmin inkişafı yerli icmanın sosial-iqtisadi həyatına da müsbət təsir göstərir. Xüsusilə qadınların sənətkarlıq və turizmlə bağlı digər fəaliyyət sahələrində iştirakı genişlənir, onlar üçün yeni iqtisadi imkanlar yaranır.
“Xınalığın mədəni irsinin qorunması həm də onun özünəməxsus dilinin və qədim ənənələrinin yaşadılması deməkdir. Bu baxımdan yerli icmanın dəstəklənməsi, gənc nəslin öz mədəni irsi ilə bağlılığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Turizm yeni iqtisadi imkanlar yaratmaqla yanaşı, yerli irsin tanıdılmasına və icma üzvlərinin kəndin qorunması və inkişafında daha fəal iştirakına şərait yaradır”, – deyə L.Musayeva qeyd edib.