Professor İlham Məmmədzadə süni intellektin fəlsəfi aspektlərə təsirindən danışıb
Bakı, 27 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində AMEA-da keçirilən Akademik Forumun “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda ikinci panel iclasında süni intellektin fəlsəfi tədqiqatlara təsiri və bu sahədə aktuallaşan məsələlər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə süni intellekt, şüur, maşın və multikulturalizm arasındakı əlaqələrə həsr olunan məruzə ilə çıxış edib.
Məruzədə süni intellektin mahiyyəti, insan intellektindən fərqləri, şüur və bilik anlayışları ilə əlaqəsi kimi fundamental fəlsəfi suallara diqqət yetirilib. Bildirilib ki, kompüter sistemləri, proqram şəbəkələri və rəqəmsal texnologiyaların inkişafı biliklərin emalı, nəticələrin çıxarılması və öyrənmə proseslərinin yeni müstəvidə araşdırılmasına imkan yaradır.
Professor süni intellektdən istifadənin fəlsəfənin özünə təsirini və ənənəvi fəlsəfi problemlərin yenidən nəzərdən keçirilməsi zərurətini diqqətə çatdırıb. Qeyd olunub ki, rəqəmsal texnologiyaların mümkün mənfi təsirləri ilə bağlı tənqidi yanaşmalar vacib olsa da, onların fəlsəfənin qarşısında yaratdığı yeni imkan və çağırışların hərtərəfli araşdırılması da əhəmiyyətlidir. Məruzədə Azərbaycanda fəlsəfi tədqiqatlarda fəlsəfə tarixinə verilən diqqət məsələsinə toxunulub. Bildirilib ki, fəlsəfi irsin yalnız təsviri və tarixi təqdimatı ilə kifayətlənməmək, müasir elmi problemlərin fəlsəfi təhlilinə də geniş yer vermək vacibdir. Çıxışda məntiq və epistemologiyanın, yəni bilik və onun əsaslarının öyrənilməsinin süni intellektlə əlaqəli tədqiqatlardakı roluna da diqqət çəkilib. Bu istiqamətdə aparılan araşdırmaların biliklərin yoxlanılması, əsaslandırılması və süni intellektin imkanlarının fəlsəfi baxımdan dəyərləndirilməsi üçün yeni perspektivlər açdığı vurğulanıb.