Nazir müavini: Bizi davamlı sülh naminə bir araya gətirə biləcək yeganə anlayış mədəniyyətdir
Bakı, 27 oktyabr, AZƏRTAC
"Khalili" Fondu tərəfindən nəşr edilən “Sülh quruculuğu sənəti: parçalanmış dünya üçün universal dil” adlı kitab müharibədən deyil, sülh quruculuğundan bəhs edir. Bu mövzu müasir dünya üçün son dərəcə vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev oktyabrın 27-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə” adlı tədbirdə çıxış edərkən deyib.
"Əlbəttə, hamımız eyni dildə danışmırıq və dünyada baş verən müxtəlif hadisələrə dair eyni baxışları bölüşmürük. Lakin mədəniyyət bir-birimizlə ünsiyyət qurmağımıza imkan verən universal dildir. Bizi davamlı sülh naminə bir araya gətirə biləcək yeganə məkan və ya anlayış məhz mədəniyyətdir. Sülh dialoqla başlayır, dialoq qarşılıqlı anlaşma yaradır, qarşılıqlı anlaşma etimadı möhkəmləndirir, etimad isə davamlı sülhü mümkün edir. Mədəni diplomatiyanın əsl gücü də məhz bundadır", - deyə Y. Rəfiyev vurğulayıb.