Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir
Bakı, 27 oktyabr, AZƏRTAC
Dialoq körpülər qurmaq, qarşılıqlı anlaşmanı təşviq etmək və insanları bir-birinə daha da yaxınlaşdırmaq deməkdir. Dünyamızın dialoqa və empatiyaya hər zamankından daha çox ehtiyac duyduğu bir dövrdə "Sülh quruculuğu sənəti: parçalanmış dünya üçün universal dil” nəşri mühüm mesaj verir: Mədəniyyət, xüsusilə də dialoq mədəniyyəti, hətta münaqişələr zamanı belə, özümüzü başqalarında görməyimizə kömək edə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor Roida Rzayeva oktyabrın 27-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə” adlı tədbirdə çıxış edərkən deyib.
"Mədəni müxtəlifliyin və mədəniyyətlərarası qarşılıqlı əlaqələrin getdikcə artdığı müasir qloballaşan dünyada hörmətlə ünsiyyət qurmaq, fərqli baxışları anlamaq və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək bacarığı getdikcə daha böyük əhəmiyyət kəsb edir. Dialoq mədəniyyəti qarşılıqlı hörmət, empatiya, tolerantlıq və başqalarını dinləməyə hazır olmaq prinsiplərinə əsaslanır. Bu mədəniyyət stereotiplərin aradan qaldırılmasına, münaqişələrin qarşısının alınmasına və sosial həmrəyliyin gücləndirilməsinə töhfə verir. Dialoq fərdlər və icmalar arasında qarşılıqlı anlaşmanın yaradılması, əməkdaşlığın təşviqi və dinc münasibətlərin qorunması üçün fundamental vasitədir. Mədəniyyətlərarası dialoq da xüsusi əhəmiyyət daşıyır. Çünki mədəni və dini fərqlər bəzən anlaşılmazlıqlara və qərəzli münasibətlərə səbəb ola bilər. Eyni zamanda, bu fərqlər qarşılıqlı öyrənmə, əməkdaşlıq və insan təcrübəsinin zənginləşdirilməsi üçün dəyərli imkanlar yaradır. Buna görə də mədəniyyətlərarası anlaşmanın təşviqi müxtəlif cəmiyyətlərdə dinc yanaşı yaşayışın təmin olunmasının mühüm şərtidir", - deyə R. Rzayeva qeyd edib.