Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
İspaniyanın IE Universitetinin Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin fəaliyyəti təhsil, innovasiya və vençur quruculuğu, eləcə də tədqiqat olmaqla üç əsas istiqamət üzrə qurulacaq.
AZƏRTAC xəbər verir ki, bunu IE Universitetinin korporativ əlaqələr üzrə icraçı sədri Villiam Davila Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzi”nin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, mərkəzin yaradılmasının əsas məqsədi Azərbaycanın gələcəyini formalaşdıran insanlarla sıx əməkdaşlıq etmək, onların ideyalarını reallaşdırmalarına və təşəbbüslərini fəaliyyətə çevirmələrinə dəstək verməkdir: “Təhsil istiqaməti çərçivəsində MBA proqramı, rəhbərlər üçün təhsil proqramları və tərəfdaşlarla birgə hazırlanacaq digər təşəbbüslər vasitəsilə daha çox insan üçün peşəkar inkişaf imkanları yaradılacaq. Bu proqramlar iştirakçıların idarəetmə bacarıqlarının gücləndirilməsinə, qərarvermə qabiliyyətlərinin inkişafına və təşkilatlarda müsbət dəyişikliklərə töhfə verməsinə xidmət edəcək”.
İkinci istiqamətin innovasiya və vençur quruculuğu olduğunu vurğulayan universitet rəsmisi sahibkarların ideyalarını sınaqdan keçirməsi, yeni tərəfdaşlıqlar qurması və bizneslərini inkişaf etdirməsi üçün əlverişli imkanların yaradılmasının vacibliyini diqqətə çatdırıb: “Bu istiqamətdə məqsəd həm sahibkarlara, həm də şirkətlərə yeni biznes modellərini araşdırmaq və texnoloji dəyişikliklərə uyğunlaşmaq üçün dəstək verməkdir”.
Üçüncü istiqamətin tədqiqat olduğunu deyən Villiam Davila iqtisadi transformasiya, innovasiya və rəqabətqabiliyyətlilik sahələrində elmi araşdırmaların əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan Rəqabətqabiliyyətlilik və İqtisadi Transformasiya Observatoriyası çərçivəsində biznes və dövlət siyasəti sahələrində qərarların qəbuluna dəstək verəcək analitik məlumatların hazırlanması nəzərdə tutulur.
O əlavə edib ki, fakültənin beynəlxalq liderlər və təşkilatlarla əməkdaşlığı, onların təcrübəsinə əsaslanan tədqiqatların aparılması və əldə olunan biliklərin beynəlxalq müzakirələrə çıxarılması əsas hədəflərdəndir.
Villiam Davilanın sözlərinə görə, mərkəzin üç əsas istiqaməti qarşılıqlı şəkildə bir-birini tamamlayacaq. Təhsil proqramları zamanı ortaya çıxan məsələlər tədqiqatlara istiqamət verə, innovasiya və vençur quruculuğu sahəsində qazanılan təcrübə isə tədrisin məzmununu zənginləşdirə bilər.
O, həmçinin mərkəz ətrafında fəal əməkdaşlıq mühitinin formalaşdırılmasının vacibliyini vurğulayıb. Ustad dərsləri, rəhbərlər üçün görüşlər və yeni tərəfdaşlıqların qurulmasına imkan yaradan təşəbbüslər vasitəsilə müxtəlif sahələrin nümayəndələrinin bir araya gətirilməsi planlaşdırılır.
Villiam Davila tədbir iştirakçılarını mərkəzlə əməkdaşlığa dəvət edərək bildirib ki, onların araşdırılmağa ehtiyacı olan sualları, üzləşdikləri problemlər və inkişaf etdirmək istədikləri ideyalar mərkəzin fəaliyyətinə töhfə verə bilər. O, Bakıdan başlayaraq daha geniş regionda əməkdaşlıq əlaqələrinin qurulacağına və mərkəzin insanların peşəkar inkişafına, yeni ideyaların və tərəfdaşlıqların yaranmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Foto - Xanlar Əlizadə