Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır
Bakı, 27 oktyabr, AZƏRTAC
Sivilizasiya diplomatiyasının inkişafı üçün bu anlayışın nəzəri səviyyədə qəbul edilməsi ilə yanaşı, praktikada tətbiqi də vacibdir. Xalqlar arasında dialoqun gücləndirilməsi və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi beynəlxalq münasibətlərdə mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Kadi Ayyad Universitetində Sivilizasiyalararası Diplomatiya üzrə İSESCO kafedrasının rəhbəri professor Əbdülfəttah Əl-Bəlməşi “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sivilizasiya diplomatiyası və strateji uzaqgörənlik - gərginlikləri öncədən görmək, sülhə inklüziv yollar qurmaq” adlı plenar iclasda çıxışı zamanı deyib. O bildirib ki, son iki ildə sivilizasiya diplomatiyası anlayışının inkişafı elmi müstəvidə daha geniş təsdiqini tapıb və bu istiqamətdə İSESCO çərçivəsində müxtəlif təşəbbüslər irəli sürülüb.
Əbdülfəttah Əl-Bəlməşi vurğulayıb ki, sivilizasiya diplomatiyasının beynəlxalq münasibətlərdə real nəticələr verməsi üçün onun prinsipləri praktik fəaliyyətə tətbiq edilməli, xalqlar arasında dialoqun genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində konkret addımlar atılmalıdır. O, bu anlayışın mahiyyətinin daha dərindən öyrənilməsinin, tarixi təcrübədən yararlanılmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.