Yalçın Rəfiyev: Siyasi baxışlar baxımından dünyada müxtəliflik getdikcə artır
Bakı, 27 oktyabr, AZƏRTAC
Bu gün yenidən mədəni diplomatiyanın əhəmiyyətinin şahidi oluruq.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev oktyabrın 27-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə” adlı tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, hazırda parçalanmış bir dünyada yaşayırıq və siyasi baxışlar baxımından dünyada müxtəliflik getdikcə artır. Müxtəlif ittifaqlar formalaşır, siyasi fikir ayrılıqları isə bəzən münaqişələrin qaçılmaz olduğu bir həddə çatır. Belə çətin şəraitdə ilk növbədə, siyasi razılaşmaların əldə olunması həmişə mühüm əhəmiyyət daşıyır. Çünki bu razılaşmalar münaqişələrə son qoya bilər. Lakin münaqişənin başa çatmasının özlüyündə sülhün təmin edilməsi demək olmadığını vurğulayan Y. Rəfiyev qeyd edib ki, bunun üçün barışıq, insanlar arasında qarşılıqlı əlaqələrin qurulması və dialoqun olması vacibdir.