Coşkun Yılmaz: Texnoloji transformasiya mədəniyyətlərarası dialoq üçün yeni imkanlar və məsuliyyətlər doğurur
Bakı, 27 oktyabr, AZƏRTAC
Bu gün bəşəriyyət texnoloji transformasiyanın tarixdə görünməmiş sürətlə irəlilədiyi bir dövrdən keçir. Bu transformasiya mədəniyyətlərarası dialoqun inkişafı üçün mühüm imkanlar yaratmaqla yanaşı, yeni məsuliyyətlər və risklər də doğurur.
AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Coşkun Yılmaz oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsində çıxışı zamanı səsləndirib.
O bildirib ki, Türkiyənin də təsisçi üzvlər arasında yer aldığı UNESCO-nun süni intellektin etikası və mədəniyyət sahəsindəki fəaliyyəti bu məsələlərdə beynəlxalq əməkdaşlığın və dialoqun əsas götürülməsinin vacibliyini ortaya qoyur.
Onun sözlərinə görə, texnologiyanın nə qədər sürətlə inkişaf etməsindən daha çox bu inkişafın hansı ortaq dəyərlər və məqsədlər istiqamətində həyata keçirildiyi əhəmiyyət qazanır.