Dünyəvilik və İslam dəyərlərinin vəhdəti Azərbaycanın qlobal körpü rolunu gücləndirir - ŞƏRH
Bakı, 27 oktyabr, AZƏRTAC
İslam dünyasında siyasi nüfuzun əsas meyarlarından biri fərqli maraqları vahid məqsəd ətrafında uzlaşdırmaq bacarığıdır. Azərbaycanın diplomatik üstünlüyü məhz bu məqamda aydın görünür: rəsmi Bakı zəngin dini-mədəni mənsubiyyətini dünyəvi dövlətçilik ənənəsi, müstəqil xarici siyasət və genişmiqyaslı beynəlxalq tərəfdaşlıqla uğurla tamamlayır. Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhməd ilə görüşü də mövcud potensialın praktiki əməkdaşlığa çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi icmalçı Əbülfəz Babazadə bildirib.
O qeyd edib ki, görüşdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin ehtiramla xatırlanması münasibətlərin siyasi yaddaşına verilən yüksək qiymətdir: “Baş katibin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə təbriki, eləcə də dövlətimizin başçısının sülh səylərinə verdiyi dəstək tərəfdaşlığın gələcək prioritetlərini müəyyənləşdirir. İƏT ilə münasibətlərdə formalaşan tarixi etimad regional sabitliyə dair ortaq strateji maraqlarla tamamlanır.
Hesab edirəm ki, hazırkı mərhələnin başlıca xüsusiyyəti Azərbaycanın qazandığı güclü siyasi dəstəyi uzunmüddətli iqtisadi və humanitar tərəfdaşlığa çevirməsidir. Ərazi bütövlüyünün müdafiəsi ətrafında formalaşmış həmrəylik bundan sonra bərpa-quruculuq işləri, investisiya qoyuluşu, təhsil və mədəniyyət sahələrində də fəal tətbiq olunmalıdır. Cənubi Qafqazda davamlı sülh müsəlman ölkələrinin daha təhlükəsiz nəqliyyat-logistika dəhlizlərinə və geniş iqtisadi təmaslara çıxışı üçün əlverişli zəmin formalaşdırır. Bu baxımdan, Bakının sülh gündəliyi bütövlükdə İƏT məkanında mühüm praktiki maraq doğurur”.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyini beynəlxalq miqyasda gücləndirən digər mühüm amil ölkəmizin mədəni irsə həssas münasibətidir: “Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin, məscidlərin bərpası soydaşlarımızın öz doğma ocaqlarına, tarixi yaddaşına və mənəvi dəyərlərinə qayıdışının ayrılmaz hissəsidir. Heydər Əliyev Fondunun xaricdə həyata keçirdiyi humanitar və bərpa layihələri isə bu məsuliyyətin qlobal miqyasını nümayiş etdirir. Belə fəaliyyətin diplomatik dəyəri göz qabağındadır: beynəlxalq etimad məhz real işlərin və konkret nəticələrin üzərində qurulur.
Dünyəvi idarəçiliklə İslamın mənəvi dəyərlərinin ahəngdar vəhdəti Azərbaycana müxtəlif siyasi və sivilizasiyalararası platformalarda təsirli körpü rolunu oynamağa imkan verir. Bakı öz zəngin təcrübəsini bölüşməklə dini kimliyin açıq cəmiyyətə, tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət edə biləcəyini əyani şəkildə sübut edir. Mədəniyyətlərarası dialoq təşəbbüslərinin başlıca fəlsəfəsi də elə bundan ibarətdir: fərqlilikləri ziddiyyət deyil, əməkdaşlığın təbii və zənginləşdirici şərti kimi qəbul etmək”.
Ə.Babazadə əlavə edib ki, 2013-cü ildə BMT–İƏT tərəfdaşlığının gücləndirilməsi təşəbbüsü, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bu strateji xəttin mühüm mərhələləridir. Bildirib ki, diplomatiya, mədəniyyət və idman vasitəsilə qurulan təmasların davamlı dəyəri onların gələcək birgə fəaliyyət üçün açdığı perspektivlərlə ölçülür.
“Qarşıdakı dövrdə İƏT-ə sədrliyə hazırlıq prosesi Azərbaycana bu mütərəqqi təşəbbüsləri vahid və əhatəli fəaliyyət proqramında birləşdirmək imkanı yaradır. Bakının İslam dünyasındakı liderlik mövqeyinin daha da möhkəmlənməsində əsas hərəkətverici qüvvə məhz təşəbbüskarlıqdır. Həmrəyliyin ən real ifadəsi isə ortaq mənəvi dəyərlərin xalqların rifahında hiss olunan konkret nəticələrə çevrilməsidir”, - deyə o əlavə edib.