Siyasi şərhçi: Azərbaycanın suverenliyinə və milli maraqlarına müdaxilə cəhdləri yolverilməzdir
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil dövlətçilik prinsiplərinə sadiqliyini və milli maraqların qorunması məsələsində qətiyyətli mövqeyini bir daha nümayiş etdirir. Heç bir dövlətin digərinə necə yaşamaq, hansı siyasəti həyata keçirmək və ya hansı dəyərləri mənimsəmək barədə göstəriş vermək hüququ yoxdur. Xüsusilə də öz daxilində ciddi siyasi, sosial və ideoloji problemlərlə üzləşən ölkələrin başqa dövlətlərə demokratiya və insan hüquqları adı altında mühazirə oxumağa çalışması beynəlxalq münasibətlər sistemində ikili standartların bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.
O qeyd edib ki, Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz üçün ideoloji təhlükəsizlik dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindən biridir. Müasir dövrdə dövlətlərin suverenliyinə yönələn təhdidlər yalnız hərbi və siyasi vasitələrlə məhdudlaşmır. Xarici ideoloji təsirlər, informasiya manipulyasiyaları, milli və mənəvi dəyərlərə müdaxilə cəhdləri dövlətlərin daxili sabitliyinə və cəmiyyətlərin bütövlüyünə ciddi təsir göstərə bilər.
Azərbaycan özünün dünyəvi dövlətçilik modelini və cəmiyyətin inkişaf istiqamətlərini müstəqil şəkildə müəyyənləşdirir. Bu baxımdan, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, ona kənardan siyasi və ideoloji tələblər irəli sürmək cəhdləri yalnız suverenlik prinsipinə deyil, həm də dövlətlər arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq anlayışına ziddir. Beynəlxalq münasibətlərdə sabitliyin və etimadın qorunması üçün dövlətlərin bir-birinin müstəqilliyinə, siyasi seçiminə və milli xüsusiyyətlərinə hörmətlə yanaşması vacibdir.
Ü.Zülfiqar vurğulayıb ki, Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolu bu siyasətin əhəmiyyətini göstərir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin qorunması, siyasi sabitliyin bərpası və müstəqil xarici siyasətin əsaslarının möhkəmləndirilməsi istiqamətində tarixi addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənərək beynəlxalq münasibətlər sistemində öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Vaxtilə ciddi təhlükəsizlik çağırışları və iqtisadi çətinliklərlə üzləşən Azərbaycan bu gün regional proseslərə təsir göstərən, qlobal təşəbbüslərdə fəal iştirak edən və müstəqil qərarlar qəbul etmək imkanlarına malik orta güc kimi çıxış edir. Azərbaycanın əldə etdiyi nəticələr göstərir ki, dövlətin inkişafı üçün əsas şərt kənardan verilən göstərişlər deyil, milli maraqlara əsaslanan ardıcıl siyasət, güclü siyasi iradə və daxili resursların səmərəli səfərbər edilməsidir.
Azərbaycanın beynəlxalq nüfuzu və dialoq platforması kimi rolu güclənir
Siyasi şərhçi bildirib ki, Azərbaycanın artan beynəlxalq nüfuzu ölkəmizin ev sahibliyi etdiyi və qarşıdakı illərdə qəbul edəcəyi mötəbər tədbirlərdə də öz əksini tapır. 2027-ci ildə müsəlman dünyasının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin yüksək səviyyəli nümayəndələrinin Azərbaycanda bir araya gəlməsi Bakının fərqli siyasi və mədəni məkanlar arasında dialoq platforması kimi əhəmiyyətini nümayiş etdirir. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş və mühüm siyasi aktor kimi qəbul edilməsinin göstəricilərindən biridir.
“Bu cür beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin müxtəlif dövlətlər və siyasi birliklər arasında dialoqun inkişafına verdiyi töhfəni göstərir. Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olması, fərqli baxışların və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməsi ölkəmizin qlobal proseslərdə fəal iştirakının mühüm istiqamətlərindəndir. Bununla yanaşı, əməkdaşlığın davamlı və səmərəli olması üçün tərəflərin bir-birinin suverenliyinə və milli maraqlarına hörmət etməsi əsas şərtdir.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi mesajlar Azərbaycanın beynəlxalq münasibətlərə yanaşmasının fundamental prinsiplərini bir daha ortaya qoyur. Azərbaycan beynəlxalq əməkdaşlığa və dialoqa açıqdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmət, suveren bərabərlik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulmalıdır. Milli maraqların qorunması, müstəqil siyasətin davam etdirilməsi və ideoloji təhlükəsizliyin təmin olunması ölkəmizin gələcək inkişafının əsas şərtləri olaraq qalır”, - deyə siyasi şərhçi vurğulayıb.