Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu mərhələdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetidir. İstehsalı artırmaq ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir. Bu baxımdan Almaniya-Azərbaycan biznes konfransı mühüm tədbirdir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı “Tac” MMC şirkətinin prezidentinin müşaviri Ziba Axundova deyib.
O bildirib ki, konfransda iştirak etməkdə məqsədi biznesi genişləndirmək üçün yeni Almaniya istehsalı olan texnologiyalar cəlb etməkdir.
“Bizim şirkətdə Almaniya texnologiyalarından istifadə olunur. “Aqua vita”, “Şahdağ”, “Gülüstan” limonadları məhz alman texnologiyaları ilə istehsal olunaraq bazara çıxarılır. Bizim şirkət Almaniya-Azərbaycan Ticarət Palatasının üzvüdür və artıq 30 ildir ki, əməkdaşlıq edirik. Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar. Azərbaycanın iqtisadi potensialı və Almaniyanın texnologiyası qarşılıqlı əməkdaşlıq üçün çox əlverişli imkan yaradır. Bu imkandan istifadə etmək biznesin genişlənməsinə, yeni iş yerlərinin açılmasına, sosial vəziyyətin daha da yaxşılaşmasına böyük imkanlar yaradır”, - deyə Ziba Axundova vurğulayıb.