Hüseyn Hüseynov: Sahibkarlar iqtisadiyyat və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayırlar
Bakı, 27 oktyabr, AZƏRTAC
Sahibkarlar sərhədlər arasında körpülərin qurulmasında, dialoqun təşviqində və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayırlar. Təchizatçı, müştəri və ya investorla qurulan hər bir transsərhəd biznes tərəfdaşlığı səmərəli ünsiyyət, müxtəlif mədəniyyətlərə və biznes təcrübələrinə hörmət, ən əsası isə qarşılıqlı etimad tələb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən“Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib.
Onun sözlərinə görə, zaman keçdikcə bu münasibətlər ölkələr və cəmiyyətlər arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə verir.
“Uzunmüddətli iqtisadi tərəfdaşlıqlar isə ortaq maraqlar yaradır və qarşılıqlı uğura nail olmaq üçün öhdəlikləri gücləndirir. Artan geosiyasi gərginlik və iqtisadi parçalanma fonunda bu cür əlaqələrin əhəmiyyəti daha aydın görünür. Ticarət maneələri və təchizat zəncirlərində yaranan fasilələr biznes ictimaiyyəti üçün əlavə xərclərə və qeyri-müəyyənliyə səbəb olur. Bununla belə, formalaşmış kommersiya əlaqələri, birgə investisiyalar və ortaq iqtisadi maraqlar dialoqun davam etdirilməsinə, əməkdaşlıq kanallarının qorunmasına və qarşılıqlı faydalı həllərin təşviqinə kömək edə bilər. Bu baxımdan, sahibkarlar iqtisadiyyatlar və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır, praktiki əməkdaşlıq və davamlı tərəfdaşlıq vasitəsilə ənənəvi diplomatiyanı tamamlayırlar", - deyə H.Hüseynov bildirib.