Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır
Bakı, 27 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclasın açılışında deyib.
R.Həsənov bildirib ki, qlobal texnologiya şirkətlərinin 10 milyonluq bazar üçün ayrıca model hazırlamaması obyektiv səbəblərlə bağlıdır: “Buna görə də Azərbaycan bu imkanları özünün inkişaf etdirməyə çalışır. Azərbaycan dili modellərinin yaradılması artıq rəqəmsal suverenlik məsələsinə çevrilib”.
O qeyd edib ki, “myGov” tətbiqində nitqin mətnə çevrilməsi texnologiyasının və ilk agent əsaslı xidmətlərin tətbiqinə başlanılıb. İlin sonunadək “myGov” platformasında bu cür xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Nazir müavini vurğulayıb ki, rəqəmsal transformasiyanın əsas meyarı xidmətlərin vətəndaşların yaşından, dilindən və rəqəmsal bacarıqlarından asılı olmayaraq hər kəs üçün əlçatan olmasıdır.
Müxbir - Pərvanə Qafarova, Günel Alıyeva