Baş direktor: Azərbaycanda yaradıcı sənayelərin iqtisadiyyatda payı artır
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanda mədəni və yaradıcı sənayelərin inkişafı istiqamətində mühüm işlər görülür. Son illər həyata keçirilən islahatlar nəticəsində bu sahənin iqtisadi göstəricilərində artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov Heydər Əliyev Mərkəzində keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Sahibkarlar – parçalanmış dünyanın rolu yetərincə qiymətləndirilməyən diplomatları kimi” mövzusunda müzakirələrdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, son bir neçə il ərzində aparılan islahatlar nəticəsində bu sahədə müsbət dinamika müşahidə olunur.
“Belə ki, yaradıcı sənayelərin ümumi daxili məhsulda payı 1 faizə çatdırılıb. Son üç il ərzində bu göstərici iki dəfə artıb və proses davam edir. Eyni zamanda, məşğulluğun və yeni biznes subyektlərinin sayının artırılması istiqamətində də işlər görülür. Forum çərçivəsində yaradıcı sənayelər sahəsində yeni imkanların müzakirəsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi əsas məqsədlərdəndir. Bu istiqamətdə xarici təcrübənin öyrənilməsi, digər ölkələrin hüquqi və qanunvericilik sahəsində apardıqları dəyişikliklərin təhlili, həmçinin qlobal və regional bazarların formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Artıq xarici həmkarlarımızla müvafiq işlər aparırıq və forum çərçivəsində yeni layihələrin əsasını qoymaq niyyətindəyik”, – deyə o əlavə edib.
Rəşad Əzizov diqqətə çatdırıb ki, dünyada yaradıcı sənayelərin iqtisadiyyatda payının artırılması əsas tendensiyalardan birinə çevrilib: “Azərbaycanda da bu istiqamətdə inkişaf müşahidə olunur. Azərbaycan Kino Agentliyi olaraq, xüsusilə kino sənayesində artımın təmin edilməsini qarşımıza mühüm hədəf kimi qoymuşuq”.