Asa Regner: Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq
Bakı, 27 oktyabr, AZƏRTAC
Qızların savadlılığının artırılması və qadınların imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir. Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq. Bununla yanaşı, diqqətimizi yalnız qızlara deyil, bəzi ölkələrdə təhsil sahəsində geridə qalan oğlanlara da yönəldirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UNESCO-nun Baş direktorunun müavini Asa Regner “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının açılış mərasimindəki çıxışında səsləndirib.
Asa Ranger diqqətə çatdırıb ki, UNESCO daha təhlükəsiz mühitin yaradılması və onlayn zorakılığın qarşısının alınması istiqamətində çalışır.
“Qızların və qadınların ictimai həyatda fəal rol oynaması vacibdir. Qadınlar və kişilər bərabər hüquqlara malik olmalıdırlar. BMT-nin Qadınlar Təşkilatının məlumatına görə, qadın jurnalistlərin hər dördündən üçü onlayn zorakılıqla üzləşib. Bu, narahatedici göstəricidir. Livanda mədəniyyət və yaradıcı sənayelərdə çalışan benefisiarların 90 faizini qadınlar təşkil edir. Bu baxımdan, qadınların iqtisadi imkanlarının genişləndirilməsi və onların cəmiyyətin bütün sahələrində iştirakının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır”,- deyə UNESCO-nun Baş direktorunun müavini əlavə edib.