Qazaxıstan yerli dron istehsalını genişləndirəcək
Astana, 27 oktyabr, AZƏRTAC
Qazaxıstan beynəlxalq bazarlara çıxmaq potensialına malik pilotsuz sistemlərin yerli istehsalını inkişaf etdirməyi planlaşdırır. Bu tədbirlər hökumət tərəfindən təsdiq edilmiş 2026-2029-cu illər üçün Pilotsuz Sistemlərin İnkişafı üzrə Kompleks Planda qeyd olunub.
AZƏRTAC Qazaxıstan Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, sənəddə vacib komponentlərin istehsalı və təhlükəsiz yerli proqram təminatının hazırlanması da daxil olmaqla dron istehsalının lokallaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, dronların qeydiyyatına, ərizələrin təqdim edilməsinə və vahid pəncərə sistemindən istifadə edərək uçuş marşrutlarının təsdiqlənməsinə imkan verəcək vahid rəqəmsal platformanın yaradılması planlaşdırılır.
2029-cu ilə qədər bu sahədə təqribən 1000 mütəxəssisin hazırlanması və iki tədqiqat mərkəzinin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, planda kənd təsərrüfatı, energetika, mədənçilik, metallurgiya, logistika və kommunal xidmətlərdə pilotsuz texnologiyaların potensial tətbiqinin təhlili, ardınca onların istifadəsi üçün standart ssenarilərin hazırlanması nəzərdə tutulur. 2027-2028-ci illər üçün pilotsuz aparatlarla yükdaşımanı sınaqdan keçirmək üçün pilot layihənin həyata keçirilməsi də planlaşdırılır.