Avropa dövlətləri Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları qəbul edir - ŞƏRH
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan-Niderland münasibətləri Cənubi Qafqazda sülh gündəliyi və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin strateji əhəmiyyəti baxımından mühüm siyasi məzmun daşıyır. Bu baxımdan, Prezident İlham Əliyevin Niderlandın xarici işlər naziri Tom Berendsen ilə görüşü iki ölkə arasında mövcud dialoqun genişləndirilməsi, qarşılıqlı maraqların uzlaşdırılması və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından mühümdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
O qeyd edib ki, bu təmasın əhəmiyyətini artıran məqamlardan biri onun ötən il Kopenhagendə Azərbaycan Prezidenti ilə Niderlandın sabiq Baş naziri arasında aparılmış müzakirələrin davamı kimi qiymətləndirilməsidir. Bu, tərəflərin siyasi və diplomatik dialoqun davamlılığına, iqtisadi əlaqələrin genişləndirilməsinə və investisiya əməkdaşlığının dərinləşdirilməsinə marağını nümayiş etdirir. Belə təmaslar dövlətlərarası münasibətlərin ayrı-ayrı görüşlərlə məhdudlaşmadığını, uzunmüddətli tərəfdaşlıq perspektivinə əsaslandığını göstərir.
"Görüşün diqqətçəkən istiqamətlərindən biri Niderland tərəfinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirməsidir. Bu yanaşma Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqların Avropanın mühüm dövlətlərindən biri tərəfindən nəzərə alındığını, qəbul olunduğunu göstərir. Azərbaycanın sülh gündəliyini irəli aparması, regional əməkdaşlıq imkanlarını genişləndirməsi və uzunmüddətli sabitliyə nail olmaq istiqamətində göstərdiyi səylər beynəlxalq tərəfdaşlarla dialoqun əsas mövzularındandır. Regional sülhün əhəmiyyəti isə Cənubi Qafqazın hüdudlarını aşaraq Avropanın təhlükəsizlik maraqları ilə birbaşa əlaqələnir",- deyə A. Kərimli vurğulayıb.
İkitərəfli münasibətlərin perspektivli istiqamətləri: iqtisadi və humanitar əməkdaşlıq
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq etibarlılığını təsdiqləyən digər mühüm məqam böhran şəraitində nümayiş etdirdiyi humanitar və logistika imkanlarıdır. Yaxın Şərqdəki gərginlik zamanı Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarının Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz təxliyəsi ölkəmizin beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Bu təcrübə Azərbaycanın coğrafi mövqeyinin yalnız iqtisadi deyil, həm də humanitar və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını təsdiqləyir.
İqtisadi əməkdaşlıq da ikitərəfli münasibətlərin perspektivli istiqamətlərindəndir. Niderland şirkətlərinin Azərbaycanda fəaliyyəti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün mövcud potensial əlaqələrin genişləndirilməsinə şərait yaradır. Eyni zamanda, Niderlandın müasir kənd təsərrüfatı texnologiyaları və qabaqcıl təcrübəsinin Azərbaycana cəlb edilməsi qeyri-neft sektorunun inkişafına, məhsuldarlığın artırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər.
"Niderlandın Avropa İttifaqının qurucu üzvlərindən biri və ittifaq daxilində mühüm iqtisadi-siyasi mövqeyə malik dövlət olması bu dialoqa əlavə strateji çalar verir. Niderlandla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafı Azərbaycanın Aİ-nin digər üzv dövlətləri və institutları ilə əməkdaşlığının genişlənməsi üçün də əlverişli zəmin yaradır. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və ticarət sahələrində Azərbaycanın artan rolu bu əməkdaşlığın praktiki əhəmiyyətini gücləndirir",- deyə o əlavə edib.