Siyasi şərhçi: Azərbaycan-Niderland əlaqələrinin inkişafı yeni əməkdaşlıq imkanları yaradır
Bakı, 26 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul etməsi Azərbaycan ilə Avropa ölkələri arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hadisədir. Görüşdə ötən il Kopenhagendə Azərbaycan Prezidenti ilə Niderlandın sabiq Baş naziri Dik Sxof arasında aparılmış müzakirələrin xatırlanması ikitərəfli münasibətlərin davamlı inkişafına qarşılıqlı marağın göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.
O qeyd edib ki, görüşün diqqətçəkən məqamlarından biri Niderland tərəfinin Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirməsi idi. Bu yanaşma regional təhlükəsizliyin Avropa üçün də mühüm əhəmiyyət daşıdığını göstərir. Cənubi Qafqazda davamlı sülhün təmin olunması yalnız region ölkələrinin deyil, həm də Avropanın iqtisadi və geosiyasi maraqlarına xidmət edir. Yaxın Şərqdəki hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirinin və əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlıq ifadə olunması Azərbaycanın etibarlı tərəfdaş və mühüm regional logistika qovşağı kimi rolunu bir daha önə çıxarır. Bu fakt ölkəmizin nəqliyyat imkanları ilə yanaşı, mürəkkəb regional şəraitdə humanitar əməkdaşlıq potensialını da nümayiş etdirir.
“İkitərəfli münasibətlərin digər mühüm istiqaməti iqtisadi əməkdaşlıqdır. Niderland şirkətlərinin Azərbaycanda fəaliyyəti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları, nəqliyyat-logistika əlaqələri və kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Niderlandın qabaqcıl aqrar texnologiyalarının və təcrübəsinin ölkəmizdə tətbiqi məhsuldarlığın artırılmasına, müasir istehsal üsullarının yayılmasına və qeyri-neft sektorunun inkişafına töhfə verə bilər”, - deyə siyasi şərhçi vurğulayıb.
O, bu görüşü Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində də qiymətləndirərək deyib: “Niderlandın Avropa İttifaqı daxilindəki siyasi və iqtisadi çəkisi nəzərə alındıqda, bu ölkə ilə konstruktiv dialoqun inkişafı Azərbaycanla Avropa arasında əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Enerji təhlükəsizliyi ilə yanaşı, Orta Dəhlizin inkişafı, nəqliyyat əlaqələrinin şaxələndirilməsi və regional sabitliyin möhkəmləndirilməsi də bu münasibətlərin strateji əhəmiyyətini artırır”.
Nicat İsmayılov sonda qeyd edib ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafı siyasi dialoq, regional təhlükəsizlik, humanitar əməkdaşlıq və iqtisadi tərəfdaşlığın qarşılıqlı şəkildə tamamlandığını göstərir. Əsas məsələ mövcud siyasi təmasları konkret iqtisadi layihələrə, yeni investisiyalara və uzunmüddətli əməkdaşlıq mexanizmlərinə çevirməkdir. Bu, həm ikitərəfli əlaqələrin dərinləşməsinə, həm də Azərbaycanın Avropa ilə qarşılıqlı faydaya əsaslanan münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək.