Almaniya şirkəti: Azərbaycandakı istehsalçılara xarici məhsullardan asılılığın aradan qaldırılması istiqamətində yardım göstəririk
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın böyük iqtisadi potensialı var və bu potensial sənaye ilə yanaşı kənd təsərrüfatını da əhatə edir. Bu baxımdan Azərbaycana xaricdən gətirilən ərzaq məhsullarının həcminin azaldılması başlıca hədəflərdən birini təşkil edir. Müasir tələblərə cavab verən yeni texnologiyalardan istifadə ilə yalnız istehsalı artırmağa deyil, həmçinin keyfiyyətli məhsulu beynəlxalq bazara çıxarmağa nail olmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Alman-Azərbaycan biznes konfransında Almaniyanın “Buhler” şirkətinin Cənubi-Qərbi Asiya və Şərqi Afrika üzrə rəhbəri Tolqa Çeltekligil deyib.
“Şirkətimiz dövlətin ərzaq təhlükəsizliyi siyasətinə müvafiq olaraq Azərbaycandakı fəaliyyətini genişləndirmək istəyir. Qeyd etdiyim kimi bu istəyin arxasında Azərbaycanın iqtisadi potensialı, nəqliyyat və tranzit imkanları dayanır. Qarşılıqlı əməkdaşlıq üçün artıq Azərbaycanda infrastruktur imkanları yaradılıb. Hazırda idxalın minimuma endirilməsi əsas prioritetlər sırasındadır. Mağaza rəflərində hələ də Türkiyə, İtaliya istehsalı olan ərzaq məhsulları yer alır. Halbuki Azərbaycan bu cür məhsulların yerli şəraitdə istehsalı üçün həm xammal bazasına, həm də lazımi imkanlara malikdir. Məhz buna görə də xarici məhsullardan asılılığın aradan qaldırılması, daxili istehsalın gücləndirilməsi və sənaye sahələrinin diversifikasiyası strateji hədəflər arasında yer tutur. Biz hazırda yerli istehsalçılara həmin istiqamətdə yardım göstərməkdəyik. Bu sahədə hazırda Azərbaycanda böyük işlər görülür. Almaniyanın digər şirkətləri də Azərbaycanda fəaliyyət göstərməyə maraq göstərirlər. Münbit torpaq, mülayim iqlim və dövlət dəstəyi kənd təsərrüfatı sahəsində bizneslə məşğul olmaq və ya mövcud biznesi genişləndirmək üçün yaxşı şəraitdir”, - deyə T. Çeltekligil vurğulayıb.