Azərbaycanlı tələbələr Çində təhsil və yenilənmiş HSK imtahanı barədə məlumatlandırılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun tələbələri “Qafqaz üzrə HSK-2026” onlayn məlumat sessiyasında iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil olunan sessiyada Çin universitetlərinin nümayəndələri bakalavriat, magistratura və doktorantura proqramları, beynəlxalq əməkdaşlıq və təhsil mübadiləsi, elmi tədqiqatlar, innovativ tədris metodları, ikili diplom və təcrübə proqramları, həmçinin beynəlxalq tələbələr üçün nəzərdə tutulan təqaüd və qrant imkanları barədə məlumat veriblər. Eyni zamanda, Çində təhsil almaq üçün müraciət prosedurları haqqında təqdimatlar keçirilib.
Sessiyada beynəlxalq standartlaşdırılmış Çin dili imtahanı - HSK-nın müxtəlif səviyyələri üzrə hazırlıq, imtahanın keçirilmə xüsusiyyətləri və yeni HSK 3.0 standartına keçid qaydaları interaktiv şəkildə müzakirə olunub. Qeyd edilib ki, HSK imtahanının nəticələri Çin universitetlərinə qəbul, təqaüd proqramlarından yararlanmaq və işə qəbul proseslərində tələb olunur.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, 2026-cı il dekabrın 13-də “Hankao International”ın təşkilatçılığı ilə dünya miqyasında təqdim olunacaq HSK imtahanının yeni versiyası doqquz səviyyəni, söz və simvolların yenilənmiş siyahılarını, eləcə də üçüncü-altıncı səviyyələr üzrə ayrıca şifahi imtahanları əhatə edir. Konfutsi İnstitutu yeni HSK imtahanının hazırlanması və tətbiqi ilə bağlı elmi-metodoloji dəstək fəaliyyətini davam etdirəcək. Həmçinin Azərbaycan tələbələri üçün “HSK Çində” adlı xüsusi məlumat sessiyalarının və təhsil sərgilərinin təşkili istiqamətində “Hankao International” ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.