Direktor: Əsas hədəfimiz risk qrupuna daxil olan ailələrin sayını azaltmaqdır
Bakı, 27 oktyabr, AZƏRTAC
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) 2007-ci ildən fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərinə uyğun təşkil olunur. Başlıca məqsədimiz aztəminatlı, şəhid və qazi ailələrinə, natamam, eləcə də digər həssas və risk qruplarına daxil olan ailələrə hərtərəfli sosial və psixoloji dəstək göstərmək, onların qarşılaşdıqları problemlərin həllinə kömək etməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Şüvəlan UADM-in direktoru Sitarə Əhmədova deyib.
Onun sözlərinə görə, aidiyyəti dövlət qurumlarından daxil olan məlumatlar əsasında ailələrə səfərlər təşkil edilir, onların məişət şəraiti, sosial vəziyyəti, mövcud imkanları və qarşılaşdıqları çətinliklər qiymətləndirilir. Əldə olunan nəticələrə uyğun olaraq hər bir ailənin ehtiyaclarını nəzərə alan fərdi yardım planı hazırlanır.
“Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri ailələrin sosial rifahının yaxşılaşdırılması və mövcud problemlərinin aradan qaldırılmasıdır. Bu istiqamətdə peşəkar psixoloqlarımız və sosial işçilərimiz tərəfindən mütəmadi olaraq müvafiq dəstək tədbirləri həyata keçirilir.
Əsas hədəfimiz risk qrupuna daxil olan ailələrin sayının azaldılmasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına töhfə verməkdir. Fəaliyyətimiz nəticəsində ailələrin həyatında müsbət dəyişikliklərin baş verdiyini görmək bizi daha da ruhlandırır və bu istiqamətdə işimizi davam etdirmək üçün əlavə stimul yaradır”, - deyə direktor diqqətə çatdırıb.