Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH
Bakı, 27 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür. Uğurlu xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
O qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi dövlətimizin beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Artıq ölkəmiz nəinki Cənubi Qafqazda yeni reallıqlar yaradıb, eyni zamanda, müxtəlif təşəbbüsləri və mövqeyi ilə dünyanın diqqət mərkəzinə çevrilib. Bu baxımdan, Azərbaycanın Avropa məkanı üçün önəmi də getdikcə artmaqdadır. Niderlandın xarici işlər naziri Tom Berendsenin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir. Oktyabrın 26-da Niderland Krallığının xarici işlər nazirinin qəbul edən Prezident İlham Əliyev bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirib. Tom Berendsen isə əməkdaşlığın inkişafında maraqlı olduqlarını və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Deputat bildirib ki, bu səfər iki ölkə arasındakı münasibətlərin müsbət dinamikasını göstərir. İki dövlətin siyasət, diplomatiya, iqtisadiyyat və investisiya sahələrində davamlı tərəfdaşlıq iradəsi ortadadır. Digər tərəfdən, Niderland tərəfinin Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin qurulmasında Prezident İlham Əliyevin şəxsi rolunu yüksək qiymətləndirməsi xüsusi vurğulanmalıdır. Bu, o deməkdir ki, Avropanın mühüm siyasi mərkəzləri də regional sülhün memarının məhz Azərbaycan olduğunu təsdiqləyirlər. Amsterdamın rəsmi mövqeyi regional sabitliyin təkcə Qafqaz üçün deyil, bütövlükdə Avropa üçün kritik əhəmiyyət daşıdığını vurğulayır. Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, həm də Orta Dəhliz layihəsi vasitəsilə qitənin nəqliyyat və qlobal təhlükəsizlik xəritəsində əvəzedilməz tərəfdaşıdır.
“Təsadüfi deyil ki, qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib. Bu fakt da ölkəmizin etibarlı, qlobal səviyyədə vacib logistik və humanitar qovşaq olduğunu bir daha təsdiqləyir. Niderland – Azərbaycan əlaqələri bütövlükdə Avropa İttifaqı üçün də əhəmiyyətlidir. Nəzərə alaq ki, Niderland Aİ-nin qurucu üzvlərindən biridir və ittifaq daxilində iqtisadi-siyasi çəkisi olan dövlətdir. Belə olan halda, Azərbaycan – Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir”, - deyə deputat S.Vəliyev əlavə edib.