Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”
Bakı, 27 oktyabr, AZƏRTAC
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığına həsr olunmuş “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə nəşri olan kitabın elmi əhəmiyyəti və ərsəyə gəlmə prosesi haqqında məlumat verilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovanın rəhbərliyi ilə hazırlanan nəşrdə Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənəti tarixindəki rolu, bioqrafiyası ilə bağlı dəqiqləşdirilmiş elmi məlumatlar və yaradıcılıq irsi araşdırılıb.
Kitabda Azərbaycan, Gürcüstan və Rusiya muzeylərində qorunan rəssamın əsərləri təhlil edilir, bəzi nümunələrin yeni atribusiyası təqdim olunur. Nəşrdə, həmçinin indiyədək çap edilməmiş əsərlərə, XIX əsr İrəvanının tarixi və mədəni mühitini əks etdirən kolleksiya materiallarına və arxiv fotolarına yer verilib.
Təqdimatda Azərbaycan Milli İncəsənət Muzeyinin elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova kitabın rəssamın yaradıcılığının öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, tədqiqat zamanı uzun illər “İki fiqurlu əsər” adı ilə tanınan rəsm yenidən atributsiya edilərək “Nəsrəddin şah sarayda” adlandırılıb.
A.Əhmədova qeyd edib ki, Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə təşkil olunan sərgidə müxtəlif muzeylərdə qorunan əsərləri ilk dəfə bir məkanda birləşdirilib. Onun sözlərinə görə, sərgilər müvəqqəti xarakter daşısa da, kitab rəssam haqqında elmi biliklərin gələcək nəsillərə ötürülməsinə imkan yaradır.
Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-tədqiqat şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov isə rəssamın yaradıcılığının Azərbaycan incəsənətinin inkişafında xüsusi yer tutduğunu bildirib. O, Mirzə Qədim İrəvaninin yaradıcılığında portret janrının mühüm yer tutduğunu, həmçinin gül və bülbül motivlərinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. T.İbrahimovun sözlərinə görə, bu motivlər sufilik ideyaları və ilahi məhəbbət anlayışı ilə əlaqəlidir.
Sənətşünas qeyd edib ki, rəssamın tikmə və divar bəzəkləri üçün yaratdığı təsvirlər də onun yaradıcılığının maraqlı istiqamətlərindəndir.
T.İbrahimov Mirzə Qədim İrəvaninin irsini orta əsr Azərbaycan incəsənəti ilə Avropa təsirləri altında formalaşan yeni Azərbaycan rəssamlığı arasında körpü kimi səciyyələndirib. O vurğulayıb ki, rəssamın və Mir Möhsün Nəvvabın yaradıcılığı milli incəsənətin tarixi ardıcıllığını və inkişafını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda “Danışır muzey” layihəsinin ikinci buraxılışı olan Mirzə Qədim İrəvaniyə həsr edilmiş podkast təqdim olunub. Podkastda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və Telman İbrahimov rəssamın həyat və yaradıcılığı, Azərbaycan təsviri sənətinin inkişafındakı rolu və irsi ilə bağlı faktları bölüşüblər.
Müxbir - Lalə Minasazova