Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır
Bakı, 27 oktyabr, AZƏRTAC
Mədəniyyətlərarası səriştə yalnız müxtəlif dillərdə danışmaq və bilik mübadiləsi aparmaq deyil, həm də başqalarını anlamaq, fərqli baxışlara hörmətlə yanaşmaq və empatiya göstərmək bacarığıdır.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyətlərarası səriştələr üzrə ekspert Darla K. Deardorff VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclasda deyib.
O bildirib ki, mədəniyyətlərarası səriştə gündəlik həyatın ayrılmaz hissəsi olmalı, insanların bir-biri ilə münasibətlərində və ünsiyyətində özünü göstərməlidir.
Ekspert bu səriştənin beş əsas istiqamətini qeyd edib: anlamaq məqsədilə dinləmək, fərqli perspektivləri nəzərə almaq, öz fərziyyə və qərəzlərini sorğulamaq, empatiya və insan mərkəzli yanaşma, eləcə də uyğunlaşma bacarığı.
D.Deardorff vurğulayıb ki, rəqəmsal mühitdə də insan amili əsas götürülməli, müxtəlif baxışların təmsilçiliyinə diqqət yetirilməli və kimin səsinin eşidilmədiyi sualı daim nəzərə alınmalıdır.