Fransa Senatı Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd edib
Paris, 27 oktyabr, AZƏRTAC
Fransa Senatı Korsika adasına muxtariyyət statusunun verilməsini nəzərdə tutan konstitusiya islahatı layihəsini rədd edib. Bazar ertəsindən çərşənbə axşamına keçən gecə keçirilən səsvermədə sənədin əleyhinə 181, lehinə isə 134 senator səs verib.
AZƏRTAC xəbər verir ki, bu qərar 2022-ci ildən etibarən adanın səlahiyyətlərinin genişləndirilməsi istiqamətində aparılan siyasi prosesə ciddi zərbə vurub.
Senatın sağçı çoxluğu Milli Assambleyanın daha əvvəl qəbul etdiyi mətnə əhəmiyyətli dəyişikliklər etmişdi. Senatorlar Korsikanın “ada icması” kimi tanınmasının Konstitusiyada təsbit edilməsinə qarşı çıxıb, adanın xüsusi səlahiyyətlərinin dairəsini də məhdudlaşdırıblar. Bu dəyişikliklər həm konstitusiya islahatına qarşı çıxanların, həm də təklif olunan variantın muxtariyyət tərəfdarlarının tələblərinə cavab vermədiyini hesab edənlərin narazılığına səbəb olub.
2022-ci ildə sabiq daxili işlər naziri Jerald Darmanənin təşəbbüsü ilə, Prezident Emmanuel Makronun tapşırığı əsasında başladılan “Bove prosesi” çərçivəsində siyasi razılaşma 2024-cü ildə Korsika Assambleyası, 2026-cı ilin iyununda isə Fransa Milli Assambleyası tərəfindən dəstəklənib.
Muxtariyyət tərəfdarları danışıqlardan çəkilir
Senatın qərarı Korsikanın muxtariyyət tərəfdarlarının və millətçi siyasi qüvvələrinin sərt reaksiyasına səbəb olub. “Femu a Corsica” partiyasının üzvü, Yuxarı Korsika departamentini təmsil edən senator Pol Tussen Parigi əldə edilmiş razılaşmanın dağıdılmasını tənqid edərək, tərəfdarlarının “Bove prosesi”ndən çəkildiyini açıqlayıb.
Bastiya şəhərinin meri və muxtariyyət hərəkatının tanınmış nümayəndəsi Jil Simeoni də senatorların mövqeyindən təəssüfləndiyini bildirib. Korsika Millət Partiyası (PNC) da Senatı hörmətsizlikdə ittiham edərək, prosesə dəstəyini geri götürdüyünü elan edib.
Hökumət dialoqu davam etdirmək niyyətindədir
Fransa hökuməti isə islahat layihəsinin rədd edilməsinə baxmayaraq, Korsika nümayəndələri ilə dialoqu davam etdirmək niyyətində olduğunu bildirib. Ərazi planlaşdırılması və mərkəzsizləşdirmə naziri Fransuaz Qatel son dörd ildə görülən işlərin Senatda lazımi səviyyədə nəzərə alınmamasından təəssüfləndiyini deyib və korsikalı seçilmiş nümayəndələrlə əlaqələri davam etdirəcəyini vurğulayıb.
Senatla Milli Assambleya arasında yaranmış fikir ayrılığı islahatın növbəti prezident seçkilərinədək qəbul olunmasını sual altına qoyur. Fransada konstitusiya dəyişikliyinin qəbul edilməsi üçün layihə parlamentin hər iki palatası tərəfindən eyni mətnlə təsdiqlənməlidir. Daha sonra sənəd referendum yolu ilə və ya parlamentin Konqres formatında keçirilən birgə iclasında, səslərin beşdə üçü həddində dəstəklənməklə qəbul edilə bilər.
Beləliklə, Korsikaya muxtariyyət statusunun verilməsi istiqamətində başladılan siyasi prosesin gələcəyi qeyri-müəyyən olaraq qalır.