Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır
Bakı, 27 oktyabr, AZƏRTAC
Rəqəmsal texnologiyalar gənclərin müxtəlif xalqların mədəniyyətini və ənənələrini öyrənməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda keçirilən plenar iclasda “Konstelacio” təşkilatının təsisçisi və prezidenti Şarlott Kurtua səsləndirib.
O bildirib ki, rəhbərlik etdiyi təşkilatın layihəsi çərçivəsində beş müxtəlif ölkədən olan 13–14 yaşlı yeniyetmələr kulinariya ənənələrini araşdırır, milli yeməklərin mənşəyi və müxtəlif mədəniyyətlər arasındakı oxşarlıqlar barədə məlumat toplayırlar: “Yeniyetmələr aparılan araşdırmalar əsasında videomateriallar hazırlayır, bu prosesdə qida tarixçiləri və aşpazlarla əməkdaşlıq edirlər. Məqsədimiz rəqəmsal texnologiyalardan yalnız məlumat əldə etmək üçün deyil, həm də yeni biliklər yaratmaq və onları paylaşmaq üçün istifadəni təşviq etməkdir. Bu yanaşma gənclərin həm rəqəmsal bacarıqlarının inkişafına, həm də müxtəlif mədəniyyətləri daha yaxından tanımasına şərait yaradır”.
Şarlott Kurtua, həmçinin rəqəmsal texnologiyalardan düzgün istifadənin və gənclərdə informasiya savadlılığının formalaşdırılmasının vacibliyinə diqqət çəkib: “Yeniyetmələrə məlumatları hazır şəkildə təqdim etmək əvəzinə, onların müstəqil araşdırma aparmasına, əldə etdikləri bilikləri zənginləşdirməsinə və başqaları ilə paylaşmasına imkan yaradılmalıdır. Bu yanaşma gənclərdə məsuliyyət hissini gücləndirməklə yanaşı, öz mədəniyyətlərini tanıtmağa və fikirlərini sərbəst ifadə etməyə imkan verir”.
Süni intellektdən istifadənin özlüyündə problem yaratmadığını vurğulayan “Konstelacio” rəhbəri əlavə edib: “Əsas məsələ süni intellektdən necə istifadə olunmasıdır. Gənclər internetdən və süni intellekt vasitəsilə əldə etdikləri məlumatların doğruluğunu yoxlamağı, mənbələri araşdırmağı və informasiyanı müqayisə etməyi bacarmalıdırlar. Biz onlara məhz bu bacarıqları öyrətməyə çalışırıq”.