Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ
Bakı, 27 oktyabr, AZƏRTAC
27 Oktyabr – Dünya Erqoterapiya Günüdür. Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi, təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru Samirə Həsənova erqoterapiyanın mahiyyəti, inklüziv təhsildə əhəmiyyəti və günün builki mövzusu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- Dünya Erqoterapiya Gününün builki “İştirak vacibdir” mövzusu inklüziv cəmiyyətin formalaşması üçün nə ifadə edir?
-İştirak insanın müəyyən mühitdə fiziki olaraq mövcud olması ilə məhdudlaşmır. Bu anlayış gündəlik fəaliyyətlərdə fəal rol almağı, sosial münasibətlər qurmağı və cəmiyyət həyatında yer tutmağı əhatə edir. Təhsil kontekstində isə şagirdin sinifdə olması ilə yanaşı, dərs prosesinə qoşulması, tapşırıqları yerinə yetirməsi, ünsiyyət qurması və fərdi imkanlarına uyğun nailiyyətlər qazanması nəzərdə tutulur.
İnklüzivlik hər kəsin eyni üsulla fəaliyyət göstərməsini gözləmək əvəzinə, qarşıya çıxan maneələrin müəyyənləşdirilməsini və aradan qaldırılması üçün əlverişli şəraitin yaradılmasını tələb edir. Erqoterapiya isə insanın gündəlik fəaliyyətlərdə müstəqilliyini artırmağa və sosial həyata fəal inteqrasiyasına dəstək verir.
-Xüsusi təlim tələbatı olan şagirdin dərsdə iştirakının təmin edilməsində erqoterapiyanın rolu nədən ibarətdir?
-Erqoterapiya gündəlik fəaliyyətləri çətinləşdirən amillərin müəyyənləşdirilməsinə və bu fəaliyyətlərin daha əlçatan olmasına yönəlir. Məktəb mühitində yazı yazmaq, dərs ləvazimatlarından istifadə, geyim və şəxsi əşyaların idarə olunması, yemək fəaliyyəti, bədən mövqeyinin qorunması, eləcə də sensor emal xüsusiyyətləri ilə bağlı çətinliklərin qiymətləndirilməsi həmin istiqamətə daxildir.
Müdaxilənin seçimi yalnız diaqnoza əsaslanmamalıdır. Eyni diaqnozu olan şagirdlərin funksional bacarıqları və fərdi xüsusiyyətləri fərqlənə bilər. Buna görə yaş, sensor məlumatların emalı, motor bacarıqlar, ətraf mühit və konkret fəaliyyətin tələbləri nəzərə alınmalıdır. Başlıca məqsəd şagirdin gündəlik və məktəb fəaliyyətlərini mümkün qədər müstəqil və səmərəli yerinə yetirməsinə dəstək olmaqdır.
-Müəllimlər şagirdin təlim prosesində qarşılaşdığı çətinlikləri müəyyənləşdirərkən nəyə diqqət yetirməlidirlər?
-Şagirdin nəticələri ilə yanaşı, həmin nəticələrə hansı şəraitdə nail olduğu da müəllimin diqqət mərkəzində dayanmalıdır. Məsələn, yazı tapşırığını tamamlamaqda çətinlik mövzunun mənimsənilməsi, motor koordinasiya, yazı alətindən istifadə və ya sensor yüklənmə ilə bağlı ola bilər. Problemin səbəbini yalnız görünən nəticəyə əsasən müəyyənləşdirmək düzgün deyil.
Müəllim müşahidə zamanı bəzi məqamları nəzərə almalıdır: Şagird hansı fəaliyyətdə çətinlik çəkir? Çətinlik hansı şəraitdə artır? Hansı mühitdə daha uğurlu nəticə əldə edir? Şəraitdəki kiçik dəyişikliklər onun fəaliyyətinə necə təsir göstərir?
Bu sualların cavabları təlim mühitinin şagirdin fərdi xüsusiyyətlərinə uyğunlaşdırılmasına kömək göstərir. Zərurət yarandıqda müəllim müşahidələrini müvafiq mütəxəssislərlə bölüşərək dəstəyin məqsədyönlü təşkilinə töhfə verə bilər.
-İnklüziv təhsildə müəllim, valideyn və müvafiq mütəxəssislərin əməkdaşlığı nə üçün vacibdir?
-Şagirdin fəaliyyəti evdə və məktəbdə fərqli şəkildə təzahür edə bilər. O, bir mühitdə müstəqil yerinə yetirdiyi işi digərində çətinliklə icra edə bilər. Buna görə müəllimin müşahidələri, valideynin gündəlik təcrübəsi və mütəxəssisin qiymətləndirməsi bir-birini tamamlamalıdır.
Əməkdaşlıq çərçivəsində konkret və ölçülə bilən fəaliyyət hədəfləri müəyyənləşdirilməlidir. Məsələn, şagirdin məktəb ləvazimatlarını müstəqil hazırlaması, gündəlik məktəb qaydalarına əməl etməsi və ya tapşırığı daha az köməklə tamamlaması kimi göstəricilər izlənilə bilər. Dəstəyin səmərəliliyi də bu nəticələr əsasında qiymətləndirilir.
İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır. Onun öyrənmə və gündəlik məktəb fəaliyyətlərində müstəqilliyinin dəstəklənməsi müəllim, valideyn və müvafiq mütəxəssislərin əlaqələndirilmiş fəaliyyətini tələb edir.
-İnklüziv təhsilin inkişafı üçün müəllimlərin diqqət yetirməli olduğu əsas məqam nədir?
-Müəllim hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almalı, təlim mühitini onun fəaliyyətini asanlaşdıracaq şəkildə qurmalıdır. Tapşırığın təqdimatında, sinif şəraitində və ya istifadə olunan vasitələrdə kiçik dəyişikliklər belə şagirdin müstəqilliyini və öyrənmə imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Müxbir-Xatirə Cəfərova