Qurbanmırat Mıradalıyev: Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir
Bakı, 27 oktyabr, AZƏRTAC
Mədəniyyətlərarası dialoq cəmiyyətin hər bir üzvünün dilinə, irsinə və milli kimliyinə hörmət edildiyini hiss etdiyi mühitin formalaşdırılmasını nəzərdə tutur. Bu baxımdan təhsil və gənclərin proseslərə cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Gənclər ekoloji təşəbbüslərdə, parkların, eləcə də mədəni və tarixi abidələrin bərpası işlərində fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkmənistanın mədəniyyət naziri Qurbanmırat Mıradalıyev oktyabrın 27-də Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasındakı çıxışında səsləndirib.
O bildirib ki, müasir süni intellekt şəffaflıq və məsuliyyət prinsiplərinin təşviqi, etibarlı informasiya mənbələrinə çıxışın təmin edilməsi və biliklərdən bərabər istifadə imkanlarının genişləndirilməsi üçün yeni imkanlar yaradır. Bu, xüsusilə gənclər üçün mühüm əhəmiyyət kəsb edir.
“Mədəniyyətlərarası dialoq sülh, davamlılıq və ümumi gələcək naminə həyata keçirilən davamlı birgə fəaliyyətdir”, - deyə nazir əlavə edib.