Prezident Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü təşkil olunub VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Prezident Kitabxanasının Oxu zalında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində əvvəlcə Xalq yazıçısı Çingiz Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş fototəqdimat nümayiş etdirilib.
Daha sonra tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova yazıçının Azərbaycan ədəbiyyatının inkişafındakı rolu və dünya miqyasında qazandığı uğurlardan bəhs edib.
Xalq yazıçısı Çingiz Abdullayev çıxışında yaradıcılıq yolu, əsərlərinin yaranma tarixi, detektiv janrının xüsusiyyətləri və zəngin həyat təcrübəsi barədə təəssüratlarını bölüşüb.
İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçılar yazıçıya detektiv janrının incəlikləri, əsərlərinin beynəlxalq uğurunun səbəbləri, süni intellektin ədəbiyyata təsiri və ədəbi yaradıcılığın sirləri ilə bağlı suallar ünvanlayıblar. Eyni zamanda, gənclərdə mütaliə vərdişlərinin formalaşdırılması, müasir Azərbaycan qadınının cəmiyyətdəki rolu, milli ədəbiyyatın beynəlxalq səviyyədə tanıdılması və gənc müəlliflərə tövsiyələr kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Çingiz Abdullayev səsləndirilən sualları ətraflı cavablandıraraq həyat təcrübəsini bölüşüb, müasir Azərbaycan ədəbiyyatının inkişafı və dünya miqyasında təbliği ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə ADA Universiteti, Bakı Dövlət Universiteti (BDU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri, eləcə də tanınmış elm, ictimaiyyət və dövlət xadimləri iştirak ediblər.
Tədbirin sonunda Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova yekun nitqi ilə çıxış edərək görüşün əhəmiyyətini vurğulayıb.
Daha sonra kitab imzalanması mərasimi keçirilib. İştirakçılar Xalq yazıçısı Çingiz Abdullayevlə xatirə şəkilləri çəkdirib və onunla səmimi ünsiyyət qurmaq imkanı əldə ediblər.
Xalq yazıçısı Çingiz Abdullayevin oxucularla görüşü Azərbaycan ədəbiyyatının təbliği, gənclərin mütaliəyə marağının artırılması və yazıçı ilə oxucular arasında ədəbi ünsiyyətin möhkəmləndirilməsi baxımından əhəmiyyətli mədəni tədbir kimi yadda qalıb.