Azərbaycanlı alim beynəlxalq konqresdə süni intellektin tibdə etik aspektlərindən danışıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərindəki yeddi universitetin birgə təşkilatçılığı ilə III Beynəlxalq İzmir Pediatriya Konqresi keçirilib.
Ege Universitetinin ev sahibliyi etdiyi, uşaq sağlamlığı sahəsindəki yeniliklərin, elmi inkişafın və gələcəyin pediatriya yanaşmalarının müzakirə olunduğu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə təmsil edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Təranə Tağızadə “Pediatrik bioetika: klinik praktikada aktual etik çətinliklər və yanaşmalar” mövzusunda məruzəsində uşaqların mənafelərinə uyğun klinik qərarların qəbulu, elmi sübutların qiymətləndirilməsi, həkimin peşə məsuliyyəti, ailənin qərarvermə prosesində iştirakı, uşaqların hüquqlarının qorunması və süni intellektin tibdə istifadəsinin etik aspektlərinə diqqət çəkib.
Süni intellektin həkimin fəaliyyətinə təsirindən danışan T.Tağızadə bildirib ki, 50 həkimin iştirakı ilə aparılmış randomizə edilmiş tədqiqatda GPT-4 modelindən istifadə imkanı diaqnostik təfəkkürün statistik baxımdan əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin etməyib. Eyni zamanda, tədqiqatın yazılı klinik hadisələr əsasında aparıldığı və pediatriyaya aid olmadığı qeyd edilib.
T.Tağızadə gələcək həkimlərin pediatrik bioetika sahəsindəki bilik və bacarıqlarının imtahan tapşırıqları vasitəsilə qiymətləndirilməsini təklif edib: “Gələcək həkim fayda və zərəri qiymətləndirməyi, qeyri-müəyyənliyi izah etməyi, uşaq və ailə ilə düzgün ünsiyyət qurmağı, fikir ayrılıqlarını həll etməyi bacarmalıdır. Süni intellektdən istifadə zamanı əldə olunan cavabların, göstərilən mənbələrin, dərman dozalarının və ölçü vahidlərinin müstəqil yoxlanılması mühüm bacarıqlardandır. Bu səriştələr klinik situasiyaların müzakirəsi və strukturlaşdırılmış klinik imtahan vasitəsilə qiymətləndirilməlidir”.
Çıxışının yekununda Təranə Tağızadə əlavə edib ki, klinik qərarlar aydın, əsaslandırılmış və zərurət yarandıqda vaxtında təkrar nəzərdən keçirilə bilən formada qəbul edilməlidir. Alim mürəkkəb halların müzakirə qaydasını razılaşdırmaq, komandaya təlim keçmək və nəticələri qiymətləndirməklə ilkin addım kimi pilot tətbiqə başlanmasını təklif edib. Həmçinin Türk dünyası ölkələri arasında əməkdaşlıq çərçivəsində hər bir ölkənin dilinə, mədəniyyətinə və qanunvericiliyinə uyğunlaşdırıla bilən ortaq tədris materiallarının hazırlanması təşəbbüsünü irəli sürüb.