Səadət Yusifova: Mədəniyyətlərarası dialoqun elmi əsaslarla araşdırılması xüsusi əhəmiyyət daşıyır
Bakı, 27 oktyabr, AZƏRTAC
Müasir dünyada artan qütbləşmə, münaqişələr və qarşılıqlı etimad böhranı mədəniyyətlərarası dialoqun əhəmiyyətini daha da artırır. Bu şəraitdə dialoqun yalnız siyasi və diplomatik müstəvidə deyil, elmi əsaslarla da inkişaf etdirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO–UNITWIN Şəbəkəsinin “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumunda çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, humanitar və sosial elmlər cəmiyyətlər arasında münasibətlərin dərindən öyrənilməsində, stereotiplərin aradan qaldırılmasında və sosial etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Akademik tədqiqatlar dialoqun nəticələrini qiymətləndirməyə, uğurlu təcrübələri müəyyənləşdirməyə və gələcək fəaliyyət üçün elmi əsaslandırılmış tövsiyələr hazırlamağa imkan verir.
Səadət Yusifova Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərinə toxunaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” müxtəlif mədəniyyətlərə və sivilizasiyalara mənsub xalqlar arasında qarşılıqlı anlaşma və tərəfdaşlığın təşviqinə xidmət edən mühüm beynəlxalq platformaya çevrilib. 2011-ci ildə ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bu təşəbbüsün inkişafında əhəmiyyətli mərhələ olub.
Onun sözlərinə görə, “Bakı Prosesi” çərçivəsində toplanmış təcrübənin akademik müstəvidə sistemli şəkildə araşdırılması, beynəlxalq elmi ədəbiyyatda daha geniş işıqlandırılması və nəticələrinin müqayisəli tədqiqatlar əsasında qiymətləndirilməsi vacibdir. UNESCO–UNITWIN Şəbəkəsi bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların və akademik nəşrlərin hazırlanması üçün mühüm imkanlar yaradır.
Nazir müavini vurğulayıb ki, Azərbaycanın mədəniyyət siyasətində mədəniyyət yalnız tarixi irsin qorunması və yaradıcı fəaliyyətin dəstəklənməsi deyil, həm də cəmiyyətin gələcəyinə strateji investisiya kimi nəzərdən keçirilir. “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəniyyətin insan kapitalının inkişafında, milli kimliyin qorunmasında, sosial birliyin və dayanıqlı cəmiyyətin formalaşmasında rolu xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, mədəniyyət siyasətinin elm, təhsil və innovasiya ilə əlaqələrinin gücləndirilməsi, akademik tədqiqatların nəticələrinin dövlət siyasətinə inteqrasiyası mühüm vəzifələrdəndir. Mədəniyyətlərarası dialoq təşəbbüslərinin sosial etimada, qarşılıqlı anlaşmaya və birgəyaşayış mədəniyyətinə təsirinin elmi əsaslarla qiymətləndirilməsi daha səmərəli qərarların qəbuluna şərait yaradır.
Səadət Yusifova rəqəmsal transformasiya və süni intellektin inkişafının mədəniyyətlərarası dialoq üçün həm yeni imkanlar, həm də çağırışlar yaratdığını diqqətə çatdırıb. Bildirib ki, texnologiyalar mədəni irsin qorunmasına, öyrənilməsinə və biliklərin geniş yayılmasına xidmət edə bilər. Bununla yanaşı, az təmsil olunan dillərin və mədəniyyətlərin rəqəmsal mühitdə təmsilçiliyinin təmin edilməsi də xüsusi diqqət tələb edir.
Nazir müavini Azərbaycanın UNESCO ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, UNESCO-nun UNITWIN və UNESCO kafedraları proqramlarının universitetlər arasında beynəlxalq tərəfdaşlığın, bilik mübadiləsinin və birgə tədqiqatların inkişafına töhfəsini qeyd edib. Onun fikrincə, bu əməkdaşlıq mədəniyyətlərarası və dinlərarası dialoq, mədəni müxtəlifliyin qorunması və dialoq siyasətinin səmərəliliyinin qiymətləndirilməsi istiqamətində yeni elmi əməkdaşlıq modellərinin formalaşdırılmasına imkan verir.
Səadət Yusifova bildirib ki, Akademik Forumun əsas nəticəsi müzakirələrin konkret təşəbbüslərə çevrilməsi olmalıdır. Birgə tədqiqatların və akademik nəşrlərin hazırlanması, elmi ictimaiyyətlə dövlət qurumları arasında tərəfdaşlığın genişləndirilməsi dialoq ideyasının təhsil proqramlarında və dövlət siyasətində daha geniş əksini tapmasına, eləcə də cəmiyyətin davamlı inkişafına töhfə verə bilər.