Nazir müavini: Mədəniyyətlərarası dialoqun inkişafında elm və təhsil mühüm rol oynayır VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Müasir dünyada etnik və dini münaqişələrin, ayrı-seçkiliyin və ksenofobiyanın artdığı bir şəraitdə mədəniyyətlərarası dialoqun inkişafı, qarşılıqlı anlaşmanın və davamlı sülhün təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə elm və təhsil mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda keçirilən Akademik Forumda çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, Bakıda yeddinci dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq ənənəyə çevrilib. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında ünsiyyətin, qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın gücləndirilməsi müasir dünyanın əsas çağırışlarındandır.
Firudin Qurbanov vurğulayıb ki, təhsil cəmiyyətdə milli və bəşəri dəyərlərin formalaşmasına, insanların müstəqil düşünmək və müxtəlif mövqeləri qiymətləndirmək bacarıqlarının inkişafına xidmət edir. Təhsilin inkişafı siyasi, iqtisadi və sosial sabitliyin möhkəmləndirilməsində, münaqişələrin həllində və mədəniyyətlərarası dialoqun genişləndirilməsində mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, münaqişələrin yaranmasında çox vaxt məlumatsızlıq, tarixi və dini faktların manipulyasiyası mühüm rol oynayır. Belə halların qarşısının alınmasında elmə və təhsilə əsaslanan mədəniyyətlərarası və dinlərarası dialoq, eləcə də humanitar və elmi əməkdaşlıq mühüm vasitələrdir.
Nazir müavininin sözlərinə görə, Azərbaycanın təhsil siyasətində insan potensialının inkişafı, müasir bacarıqların formalaşdırılması və təhsil sisteminin rəqəmsal transformasiyası əsas istiqamətlərdəndir. Hazırda ölkənin təhsil müəssisələrində 2 milyondan çox təhsilalanın olduğu, təhsilverənlərin sayının isə 150 minə yaxınlaşdığı diqqətə çatdırılıb.
Firudin Qurbanov qeyd edib ki, təhsilin vəzifəsi yalnız bilik verməklə məhdudlaşmır. Təhsilalanlarda müstəqil düşünmək, məlumatları təhlil etmək, müxtəlif mövqeləri müqayisə etmək, arqumentləri qiymətləndirmək və əməkdaşlıq etmək bacarıqlarının inkişafı da mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın multikulturalizm təcrübəsinə toxunan nazir müavini bildirib ki, ölkəmizdə etnik və dini azlıqların öz mədəni irsini qoruyub saxlaması və inkişaf etdirməsi üçün şərait yaradılıb. Ümumtəhsil məktəblərində Azərbaycan dili ilə yanaşı, digər dillərdə də tədris aparılır, milli azlıqların ana dilinin öyrənilməsi üçün müvafiq imkanlar və tədris resursları mövcuddur.
O, həmçinin Azərbaycanın multikulturalizm modelinin beynəlxalq səviyyədə öyrənildiyini, bir sıra xarici ölkələrin ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğunu vurğulayıb.
Çıxışda mədəniyyətin təhsil proqramlarına inteqrasiyasının, mədəniyyət sahəsində kadr hazırlığının və ali təhsil müəssisələrində müvafiq elmi tədqiqatların inkişafının əhəmiyyəti də qeyd edilib.
Firudin Qurbanov müasir dövrdə süni intellektin və rəqəmsal texnologiyaların mədəniyyətlərarası kommunikasiyaya təsirinə də diqqət çəkib. Bildirib ki, rəqəmsal texnologiyalar, sosial şəbəkələr və mesajlaşma platformaları fiziki sərhədləri aradan qaldıraraq xalqlar arasında ünsiyyət üçün yeni imkanlar yaradır.
Nazir müavininin fikrincə, süni intellekt müxtəlif mədəniyyətlərin nümayəndələri arasında vasitəçi rolunu oynaya, gənclərin başqa mədəniyyətləri öyrənməsinə və mədəniyyətlərarası ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə kömək edə bilər. Bu proseslərin öyrənilməsi isə kulturologiya, sosiologiya və rəqəmsal mühit üzrə tədqiqatların əlaqələndirilməsini zəruri edir.