Qazaxıstanlı magistrantlar AzTU-nun Biotibbi Mühəndislik İnstitutunda təcrübə keçəcəklər
Bakı, 27 oktyabr, AZƏRTAC
Qazaxıstan Respublikasının Karaqanda Texniki Universitetinin magistrantları Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunda ikihəftəlik elmi-tədqiqat təcrübəsi keçəcəklər.
AzTU ilə Karaqanda Texniki Universiteti arasında əməkdaşlıq çərçivəsində təşkil olunan mübadilə proqramına informasiya sistemləri və süni intellekt ixtisasları üzrə təhsil alan magistrantlar qatılacaqlar.
Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib. Proqram çərçivəsində magistrantlar elmi-tədqiqat işlərinin bir hissəsini AzTU-da həyata keçirəcək, universitetin elmi infrastrukturu və tədqiqat imkanlarından yararlanacaqlar.
Təcrübə müddətində magistrantların tədqiqat fəaliyyətinə elmi dəstək göstəriləcək, onların müvafiq istiqamətlər üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının inkişafına şərait yaradılacaq. Eyni zamanda, proqramın elmi nəticələrin əldə olunmasına, eləcə də tərəfdaş universitetlər arasında elmi və akademik əməkdaşlığın daha da inkişafına töhfə verməsi nəzərdə tutulur.