Malayziya nümayəndəsi: Süni intellekt cəmiyyətdə müsbət dəyişikliklərə təkan verə bilər
Bakı, 27 oktyabr, AZƏRTAC
Süni intellekt inkişafın müxtəlif sahələrində dəyişikliklərə təkan verə bilər. Bununla yanaşı, internetdə gənclərin təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir.
Bunu Azərbaycanda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda gənclər üzrə sülh səfiri kimi iştirak edən və ICESCO-nun təmsilçisi olan Malayziya nümayəndəsi Şərifə Nuriza Seyid Əhməd Kəbir binti Sai Matkabir AZƏRTAC-a müsahibəsində deyib.
“Bu forum çərçivəsində, xüsusilə də süni intellektlə bağlı məsələlər üzrə ətraflı müzakirələrin aparılacağını və fikir mübadiləsi ediləcəyini gözləyirəm. Gənclər müasir dünyada baş verən dəyişikliklərin həm qurbanına çevrilə, həm də transformasiya proseslərinin əsas iştirakçıları ola bilərlər”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, internetdə gənclərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də inkişafı sürətləndirmək üçün süni intellektdən istifadə imkanları ilə bağlı müzakirələr xüsusi maraq doğurur.
“Gənclərin internetdə təhlükəsizliyinə və müdafiəsinə, həmçinin süni intellektin inkişafın müxtəlif istiqamətlərində dəyişikliklərə necə təkan verə biləcəyinə həsr olunmuş müzakirələri səbirsizliklə gözləyirəm”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.