TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bir neçə gün əvvəl Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilmiş TÜRKPA-nın 15-ci Assambleya Şurasının və plenar iclasının uğurla başa çatması xüsusi vurğulanıb.
Tərəflər qardaş türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi, xüsusilə müstəqil və güclü siyasətə malik Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji tərəfdaşlığın və sarsılmaz qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, hərbi və parlament sahələrində əməkdaşlığın genişləndirilməsinin Türk dünyasının birliyinin gücləndirilməsinə mühüm töhfə verdiyi və digər qardaş dövlətlər üçün nümunə təşkil etdiyi qeyd olunub.
Görüşdə TÜRKPA-nın Türk dövlətləri arasında parlament diplomatiyasının inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində oynadığı mühüm rol xüsusi vurğulanıb. 2027-ci ildə və sonrakı dövrlərdə Assambleyanın fəaliyyətinin daha da genişləndirilməsi, qardaş dövlətlərin qanunvericilik bazalarının yaxınlaşdırılması, birgə layihələrin həyata keçirilməsi və parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.