Azərbaycanın mesajı: suverenlik, milli iradə və ikili standartlara qarşı prinsipial mövqe ŞƏRH
Bakı, 27 oktyabr, AZƏRTAC.
Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı Azərbaycanın yalnız regional deyil, qlobal proseslərə dair mövqeyini ifadə edən mühüm mesajlarla diqqət çəkir. Bu mesajların əsasında milli kimliyin qorunması, dövlət suverenliyinə hörmət, sülhün təmin olunması və beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyi dayanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib.
O bildirib ki, Azərbaycanın müasir dövlətçilik fəlsəfəsi Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davamlılığı ilə sıx bağlıdır. Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həmrəyliyi, tarixi yaddaşı və müxtəlif etnik-dini qrupların vahid dövlət daxilində birliyini özündə birləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt müasir çağırışlara uyğun şəkildə davam etdirilir.
“Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanladığı əsas mesajlardan biri ikili standartlarla bağlıdır. Ölkəmiz uzun illər ərazi bütövlüyünün pozulması və işğal problemi ilə üzləşdiyi zaman beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası təmin olunmadı. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin vaxtında yerinə yetirilməməsi beynəlxalq hüququn tətbiqindəki ziddiyyətləri bir daha üzə çıxardı. Bu təcrübə göstərdi ki, beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin siyasi maraqlarına uyğun deyil, hamıya bərabər tətbiq olunmalıdır”, - deyə QHT sədri əlavə edib.
Dövlətimizin öz milli maraqlarına əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini xatırladan X.Vəliyeva qeyd edib ki, bu gün qarşıda duran əsas vəzifə əldə olunmuş reallıqları davamlı sülhə çevirməkdir. Azərbaycanın sülh gündəliyi də məhz qarşılıqlı öhdəliklərə əməl olunmasını, dövlətlərin suverenliyinə hörməti və regionda uzunmüddətli sabitliyin təmin edilməsini nəzərdə tutur. Digər mühüm məsələ isə dövlətlərin daxili işlərinə müdaxilə və ideoloji təhlükəsizlikdir. Azərbaycan üçün milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik şüurunun qorunması fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir. Beynəlxalq dialoq qarşılıqlı hörmətə əsaslanmalıdır. Heç bir dövlət özünü başqalarına siyasi dərs vermək hüququna malik müstəsna tərəf hesab etməməli, özünə tələb etdiyi prinsipləri digər dövlətlərə münasibətdə də qəbul etməlidir. Azərbaycanın artan beynəlxalq nüfuzu, müxtəlif beynəlxalq platformalarda iştirakı və dialoq təşəbbüsləri ölkəmizin qlobal əməkdaşlıqda fəal rolunu göstərir. Lakin dialoqun həqiqi nəticəsi yalnız bəyanatlarla deyil, ədalətli münasibət, qarşılıqlı məsuliyyət və konkret addımlarla ölçülür.
“Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas məntiq budur: milli suverenlik müzakirə mövzusu deyil, beynəlxalq münasibətlərin fundamental prinsipidir. Azərbaycanın mövqeyi isə aydındır: sülh istəyən tərəf ədalətə, dialoq tələb edən tərəf qarşılıqlı hörmətə, beynəlxalq hüququ müdafiə edən tərəf isə həmin hüququn hamıya eyni tətbiqinə sadiq olmalıdır. Dünya üçün həqiqi dialoq və dayanıqlı sülh məhz bu prinsiplərdən başlayır”, - deyən QHT sədri fikirlərini yekunlaşdırıb.