Tarixçi-alim: Alban abidələrinin tarixi izləri işğal dövründə təhrif edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Qarabağın dağlıq hissəsi və ətraf ərazilərin 28 il ərzində işğal altında qalması dövründə Alban irsinə aid abidələrin “erməniləşdirilməsi” prosesi daha da intensivləşib. İşğal müddətində Alban abidələrinin əksəriyyətinin kitabələri məhv edilib, onların yerinə qondarma xaç daşları və erməni dilində yazılar əlavə olunub. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Kəlbəcər ərazisində bir sex aşkarlayıb. Məlum olub ki, ermənilər burada daşları sirkəli suda saxlayaraq üzərinə qondarma xaçlar yapışdırır, sonra isə onları Alban məbədlərinin və qala divarlarının üzərinə bərkidirlərmiş.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev bildirib. O qeyd edib ki, Qarabağda qıpçaq izlərini Alban irsinin nümunələri kimi günümüzədək gəlib çatan kilsələrin memarlığında görmək mümkündür. Belə ki, həmin abidələrdə “həyat gülü” adlanan simvola rast gəlinir. Bu simvol Xocavənd rayonunun Çinarlı kəndində yerləşən Ağ xaç kilsəsində, Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədində, eləcə də Xocavənd rayonundakı Amaras monastırının divarında aydın görünür. Eyni işarələrə qıpçaqların yaşadığı Ahıska bölgəsinin abidələrində də rast gəlinir.
Alimin sözlərinə görə, Kəlbəcər rayonunda yerləşən Gəncəsər monastırının üzərindəki kitabədən məlum olur ki, abidə Alban-Xaçın hökmdarı Həsən Cəlal və anası Hurişah Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib. Monastırın tikintisi başa çatdıqdan sonra Həsən Cəlal abidənin üzərində “Mən, Həsən Cəlal onu mənim Alban xalqım üçün inşa etdim” sözlərini yazdırıb.
“Gəncəsər monastırının tarixində ən ağır və faciəli dövr 1836-cı ildən sonra başlayıb. Həmin il çar Rusiyası Azərbaycanın çoxəsrlik Alban-Qıpçaq xristian irsinin formalaşdığı coğrafiyada kənar ünsür hesab edilən erməni qriqorian kilsəsinin fəaliyyət dairəsinin genişləndirilməsi barədə xüsusi qərar qəbul edib. Nəticədə Alban Apostol Kilsəsi diofizit mərkəzi statusunu itirərək tədricən erməni qriqorian kilsəsinin təsiri altına düşüb. Həmin dövrdən etibarən təkcə Xudavəng monastır kompleksinin deyil, Qarabağdakı bütün Alban-Qıpçaq kilsələrinin kitabələri də ermənilər tərəfindən dağıdılıb və ciddi təhriflərə məruz qalıb”,- deyə alim bildirib.
Müxbir-Xatirə Cəfərova