Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər
Bakı, 27 oktyabr, AZƏRTAC
Otuz beş ildən artıqdır ki, “Khalili” Fondu vasitəsilə həyata keçirdiyim şəxsi missiyam sadə, lakin dərin bir inanca əsaslanır: Bəşəriyyəti birləşdirən amillər bizi bir-birimizdən ayıran amillərdən qat-qat üstündür.
AZƏRTAC xəbər verir ki, bu fikir "Khalili" Fondunun təsisçisi, professor Nasser David Xalilinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə” adlı tədbirin iştirakçılarına yazılı müraciətində yer alıb.
Mədəni xeyriyyəçiliyin bu yolun hər zaman mərkəzində olduğunu vurğulayan professor qeyd edib ki, “Kalili” kolleksiyaları bir çox cəhətdən, eyni medalın iki üzü kimidir: "Fond təhsil, mədəniyyətlərarası anlaşma və dialoq vasitəsilə körpülər qurur, kolleksiyalar isə incəsənətin, gözəlliyin və ortaq mədəni irsin universal dilini təcəssüm etdirir. Birlikdə bu iki istiqamət mənim inamımı əks etdirir: mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər. Mədəniyyətlərarası dialoq sadəcə bir arzu deyil, hamımızın bölüşdüyü məsuliyyətdir".
Qeyd edək ki, Nasser Davidin tədbir iştirakçılarına yazılı müraciətini fondun icraçı direktoru Vaqas Əhməd səsləndirib. O,isə çıxışında kitabın əsas ideyası və məzmunu barədə məlumat verib.