Xüsusi nümayəndə: Ağdam Cümə məscidinin bərpası Azərbaycanın mədəni irsə münasibətini nümayiş etdirir
Bakı, 27 oktyabr, AZƏRTAC
Ağdam Cümə məscidi, yəqin ki, bütövlükdə Qarabağda azad edilmiş ərazilərin ən mühüm simvollarından və ən əhəmiyyətli tarixi abidələrindən biridir. Çünki dağıdılmadan qalan yeganə bina məhz bu idi. Bununla belə, məscid tamamilə təhqir olunmuşdu. Düşmən qüvvələri burada donuz və mal-qara saxlamış, binadan tövlə kimi istifadə etmişdilər.
AZƏRTAC xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.
O bildirib ki, məscid tam şəkildə bərpa olunub. Bu, torpaqlarımızın azad edilməsindən sonra Prezidentin göstərişi ilə həyata keçirilən ilk işlərdən biri olub. Bu, həm də Azərbaycanın mədəni irsə yanaşmasını nümayiş etdirir.
E.Hüseynov qeyd edib ki, Ağdam Cümə məscidi Birinci Qarabağ müharibəsinin, eləcə də Azərbaycan xalqının həmin dövrdə yaşadığı faciə və əzabların simvoludur.
Fotoqraf - Səfiyar Məcnun