Marina Novelli: Qeyri-müəyyənlik dövründə etik turizm ümumi məsuliyyətimizdir
Bakı, 27 oktyabr, AZƏRTAC
Qeyri-müəyyənlik dövründə etik turizm seçim deyil, daha yaxşı gələcəyin birgə formalaşdırılması üçün ümumi məsuliyyətimizdir.
AZƏRTAC xəbər verir ki, bunu Dünya Turizm Etikası Komitəsinin sədri, Nottingem Universitetinin Dayanıqlı Səyahət və Turizm Qabaqcıl Mərkəzinin direktoru professor Marina Novelli “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün qurulmasına necə töhfə verir” adlı panel sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, turizm böhranlara və sürətli texnoloji dəyişikliklərə həssas olsa da, həmrəyliyin, rifahın və sülhün təşviqi baxımından böyük potensiala malikdir.
Marina Novelli Dünya Turizm Etikası Komitəsinin əsas fəaliyyət istiqamətlərindən birinin BMT-nin Qlobal Turizm Etikası Kodeksinin təşviqi olduğunu vurğulayıb. Bildirib ki, dayanıqlı turizm təhsili, icmaların səlahiyyətləndirilməsi, ətraf mühitin qorunması, eləcə də rəqəmsallaşma və süni intellekt dövrünün çağırışları komitənin 2026–2029-cu illər üzrə prioritetləri sırasındadır.
Professor əlçatan turizmin əhəmiyyətinə də toxunaraq qeyd edib ki, səyahət xidmətləri əlilliyi olan şəxslər də daxil olmaqla, mümkün qədər çox insan üçün əlçatan olmalıdır. O, 2019-cu ildə qəbul edilmiş Turizm Etikası üzrə Çərçivə Konvensiyasına daha çox ölkənin qoşulmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Konvensiyanın tam qüvvəyə minməsi turizmdə etika və dayanıqlılıq prinsiplərinin möhkəmləndirilməsinə töhfə verə bilər.