Alif Paramardhika Putera: Azərbaycan və İndoneziya musiqisi arasında oxşarlıqlar var
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan və İndoneziya musiqisi arasında müəyyən oxşarlıqlar mövcuddur. Hər iki ölkənin musiqisində oxşar notlara və məqamlara rast gəlmək mümkündür. Bununla yanaşı, milli musiqi alətləri hər iki ölkənin mədəni özünəməxsusluğunu əks etdirir.
Bu barədə AZƏRTAC-a açıqlamasında İndoneziyanın Azərbaycandakı səfirliyinin media və sosial-mədəni məsələlər üzrə baş köməkçisi Alif Paramardhika Putera deyib.
Onun sözlərinə görə, Malay arxipelaqına məxsus bəzi musiqi nümunələri Azərbaycan musiqisini xatırladır. Hər iki ölkədə ümumi musiqi alətlərindən istifadə olunsa da, ənənəvi milli alətlər fərqlənir. Azərbaycanda tar milli musiqi alətlərindən biri olduğu halda, İndoneziyada bambukdan hazırlanan anqklunq aləti ənənəvi musiqi mədəniyyətində mühüm yer tutur.
Alif Paramardhika Putera qeyd edib ki, indoneziyalı musiqiçilər hələlik Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməyiblər, lakin gələcək illərdə belə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Diplomat Azərbaycan və İndoneziya bəstəkarları, eləcə də musiqiçiləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Azərbaycan ifaçılarının İndoneziya musiqisini, İndoneziya ifaçılarının isə Azərbaycan musiqisini təqdim etməsi, həmçinin hər iki ölkə bəstəkarlarının əsərlərinin qarşılıqlı ifası mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər.
Ədəbiyyatla musiqi arasında sıx əlaqənin olduğunu bildirən diplomat bir çox bəstəkar və musiqiçinin yaradıcılığında ədəbi əsərlərdən ilham aldığını söyləyib. O, bu kontekstdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını çəkərək qeyd edib ki, mütəfəkkirin yaradıcılığı İndoneziyada kifayət qədər tanınır, xüsusilə onun “Leyli və Məcnun” əsəri məşhurdur.
“Azərbaycan bəstəkarlarından və musiqiçilərindən Müslüm Maqomayevi tanıyıram və onun musiqi əsərlərini ifa edə bilirəm”, – deyə Alif Paramardhika Putera əlavə edib.
Müxbir - Lalə Minasazova