Almaniya-Azərbaycan biznes konfransı hər iki tərəfin iqtisadi inkişafına təkan verir
Bakı, 27 oktyabr, AZƏRTAC
Almaniya-Azərbaycan biznes konfransı hər iki tərəfin iqtisadi inkişafına təkan verən tədbirdir. Bu tədbirdə iştirak edən almaniyalı iş adamları ölkəmizin iqtisadi potensialını araşdırır, istər kənd təsərrüfatı, istərsə də sənaye sahəsində sərmayə yatırımı imkanlarını nəzərdə keçirirlər. Eyni zamanda, Azərbaycanın iş adamları da qarşılıqlı əməkdaşlıqda maraqlıdırlar.
Bu sözləri konfrans çərçivəsində AZƏRTAC-a müsahibə verən “Aznektorin” şirkətinin baş məsləhətçisi, iqtisadi elmləri üzrə fəlsəfə doktoru Kənan Məmmədov deyib.
O bildirib ki, konfransda iştirak etməyinin əsas məqsədi alman texnologiyası alıb kompot istehsalına başlamaqdır: “Alman texnologiyasının üstünlüyü ondan ibarətdir ki, həmin avadanlıqlarla istehsal olunan məhsullar Avropa standartlarına uyğun gəlir, bu da Azərbaycanda istehsal olunan məhsulların qitə bazarına çıxarılmasına imkan verir. Bu konfrans çərçivəsində aparıcı şirkətlərlə danışıqlar aparıb bu texnologiyaları ölkəmizə gətirmək istəyirik. Buna nail olsaq gələcəkdə Azərbaycan istehsalı olan içkilərin Avropa bazarına ixracını da təşkil edə bilərik”.
“Belə biznes konfransların keçirilməsi hər iki ölkənin iqtisadi inkişafı üçün böyük təkan verir. İlk növbədə qarşılıqlı əlaqələr yaranır, biznes qurumları sərmayə yatırımını reallığa çevirə bilir və ən başlıcası isə Azərbaycan biznesi Avropaya çıxış əldə edir. Azərbaycanın böyük iqtisadi potensialı var. Münbit torpaqlar kənd təsərrüfatının inkişafı üçün imkan yaradır. Lakin məsələ heç də məhsul istehsalı ilə başa çatmır. Onun yığılması, saxlanılması, qablaşdırılması və bazara çıxarılması zəncirvari bir prosesi təşkil edir. Bu prosesi rahat və itkisiz başa çatdırmaq üçün texnologiyaya ehtiyac var ki, bu konfransda da bu məsələlər ətraflı müzakirə olunur”, - deyə Kənan Məmmədov qeyd edib.
O əlavə edib ki, Azərbaycanın iqtisadi potensialı almanları cəlb edir və onlar da qarşılıqlı əməkdaşlıq etmək niyyətindədirlər: “Əminəm ki, bu konfransın çox müsbət nəticələri olacaq və tərəflər bundan faydalanacaqlar”.