Rəşad Əzizov: Azərbaycanda həyata keçirməyə çalışdığımız yanaşma ekosistemin qurulmasıdır
Bakı, 27 oktyabr, AZƏRTAC
Xüsusilə neft iqtisadiyyatına malik ölkələr üçün yaradıcı sənayelər əlavə imkan yaradır. Bu sahə mövcud oyun qaydalarını dəyişə biləcək bir resursdur.
AZƏRTAC xəbər verir ki, bunu Kino Agentliyinin direktoru Rəşad Əzizov “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən“ Sahibkarlar parçalanmış dünyanın qiymətləndirilməyən diplomatları kimi” mövzusundakı biznes dialoqunda deyib.
"Nəzərə almalıyıq ki, qlobal miqyasda fəaliyyət göstərməliyik. Bu, qlobal tendensiyaları nəzərə almaqla yanaşı, istehsal proseslərinə yerli yanaşmanın tətbiqini və əlbəttə ki, yaradılan bütün məhsul və xidmətlərin ixracını hədəfləməyi nəzərdə tutur.
Yaradıcı sənayelərin imkanları təkcə məhsulun forması ilə məhdudlaşmır. Bu məhsulların yayılması üçün rəqəmsal kanallar, striminq platformaları və elektron ticarət sistemləri kimi vasitələr də mövcuddur. Bu sahədə əsas əhəmiyyət daşıyan digər məsələ isə məzmundur. Məzmun yerli səviyyədə yaradılır. Xüsusilə Azərbaycanın, Qazaxıstanın, Türkiyənin və digər ölkələrin dünyaya təqdim edə biləcəyi çox şey var. İlk növbədə, məzmunumuzu dünyaya necə təqdim edə biləcəyimizi anlamalıyıq. Çünki dünya ilə bölüşə biləcəyimiz kifayət qədər imkanlarımız və dəyərlərimiz var", - deyə o bildirib.
Rəşad Əzizovun sözlərinə görə, ikinci məsələ mövcud yayım kanallarında öz yerimizi tapmaq və ya xüsusilə regional səviyyədə yeni kanallar yaratmaqdır:”Beləliklə, hökumətlərin əsas vəzifələrindən biri məhsulların istehsalı, satışı və ixracı üçün konkret bazarın formalaşdırılmasına diqqət yetirməkdir. Digər məsələ ondan ibarətdir ki, regionumuzda mədəniyyət həmişə dövlət tərəfindən dəstəklənən cəmiyyət və iqtisadiyyat sahəsi kimi qəbul edilib. İndi isə tamamilə yeni, bazar prinsiplərinə əsaslanan qaydalara keçirik. Bu da bütün iştirakçıların düşüncə tərzinin dəyişməsini tələb edir. Azərbaycanda həyata keçirməyə çalışdığımız və düşünürəm ki, qonşu ölkələr üçün də nümunə ola biləcək yanaşma ekosistemin qurulmasıdır. Bu, maraqlı tərəflərin bir araya gətirilməsini və yeni oyun qaydalarının formalaşdırılmasını nəzərdə tutur. Həmin sistemdə hökumət, dövlət əsas iştirakçı, yəni oyunçu olmamalıdır. Onun rolu tənzimləyici olmaqdır. Məhz bu dəyişiklik dövlətin, dövlət qurumlarının, vəzifəli şəxslərin və dövlət xidmətlərinin qarşısında duran əsas çağırışdır. Çünki mədəniyyət sahəsində belə bir dəyişikliyi həyata keçirmək kifayət qədər çətindir. Başqa bir məqam ondan ibarətdir ki, sənayelərdən danışırıqsa, bu, sahibkarlıq deməkdir. Sahibkarlıq və sahibkarlıq yanaşması mədəniyyət sahəsində formalaşmış ənənəvi anlayışlardan tamamilə fərqlənir. Startap yaratdıqda əvvəlcə ideya formalaşdırılır, komanda qurulur, daha sonra prototip və minimum işlək məhsul hazırlanır. Bundan sonra miqyasın genişləndirilməsi, biznesin böyüdülməsi və investisiyaların cəlb edilməsi mərhələləri gəlir. Bunlar mədəniyyət sahəsi üçün tamamilə yeni məsələlərdir. Bəzən deyirik ki, biz startaplar deyil, “start-art” layihələri yaradırıq. Yəni sadəcə sənət əsəri ortaya qoyuruq. Halbuki bu sahədə də eyni yanaşma tətbiq edilməli, investisiyalar barədə düşünülməli, özəl sektorun vəsaitləri cəlb olunmalıdır. Qısacası, dövlət bu sahədə ekosistem qurmalı və yalnız tənzimləyici rolunu oynamalıdır. Eyni zamanda, investisiya fondları, vençur kapitalı fondları, inkubatorlar, yaradıcı parklar və texnoparklar kimi güclü ekosistem iştirakçılarının inkişafını dəstəkləməlidir. Düşünürəm ki, hazırda görülməli olan işlər məhz bunlardır".