Rusiyanın enerji gəlirləri neft emalı obyektlərinə dron hücumları fonunda kəskin şəkildə aşağı düşüb
Bakı, 27 oktyabr, AZƏRTAC
Rusiyanın neftayırma zavodlarına Ukraynanın davamlı dron hücumları emalı 20 illik minimuma endirib. Bununla yanaşı, Moskvanın ixrac limitlərini artırması, güclü rubl və ağır yanacaq subsidiyalarının potensial qazancları aradan qaldırması fonunda federal neft və təbii qaz gəlirləri 17,2 faiz azalıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, güclü rubl və neft qiymətlərinin artmasına baxmayaraq, habelə yanacaq sektorundakı subsidiyaların təsiri fonunda Rusiyanın neft və təbii qaz gəlirləri kəskin şəkildə aşağı düşüb, Ukraynanın neft emalı zavodlarına dron hücumları isə istehsala və ixraca təsir göstərib.
RF Maliyyə Nazirliyinin məlumatına görə, Rusiyanın federal büdcəsinin neft və təbii qazdan gələn gəlirləri yanvar-sentyabr aylarında illik müqayisədə 17,2 faiz azalaraq 5,47 trilyon rubla (67,7 milyard dollar) düşüb və nəticədə enerji sektorunda təxminən 14,1 milyard dollar itki baş verib.
Məlumatlar göstərir ki, eyni dövrdə ümumi büdcə gəlirləri 10 faiz artaraq 367 milyard dollara, qeyri-enerji gəlirləri isə 18,8 faizlik artımla 299,3 milyard dollara çatıb.
Yaxın Şərqdəki münaqişələr enerji qiymətlərini artırarkən, Rusiyanın bu sahədə gəlirləri azalıb. Yüksək qiymətlər potensial olaraq Rusiya ixracının dəyərini artıra bilər, lakin büdcədə əks olunan məbləğ yalnız satış qiyməti ilə deyil, həm də vergi hesablamalarında istifadə olunan göstəricilərlə müəyyən edilir. Ölkənin “Urals” markalı əsas ixrac xam neftinin orta qiyməti sentyabr ayında bir barelə görə 92 dolları keçib, 62 faizlik artım neft istehsalçılarının valyuta gəlirlərini artırsa da, bu, büdcədə eyni dərəcədə əks olunmayıb.
Rusiya neft ixracını əsasən xarici valyutalarla qiymətləndirir, lakin istehsal vergiləri və büdcə gəlirləri rublla hesablanır. Milli valyutanın ABŞ dollarına nisbətən möhkəmlənməsi ixrac gəlirinin eyni miqdarda daha az rubla çevrilməsi deməkdir. Doqquzaylıq enerji gəliri kəsirinin səbəblərindən biri kimi dolların orta məzənnəsinin azalması göstərilib.
Rusiya Maliyyə Nazirliyi neft qiymətlərinin son artımlarının vergi yığımlarında gecikməsi səbəbindən büdcəyə müsbət təsirin qarşıdakı aylarda daha aydın olacağını gözləyir.